Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Seyfulla Bədəlovun (1957-ci il təv.) CM-nin 234.4.3-cü (qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri külli miqdarda əldə etmə və saxlama) və 237.2.3-cü (qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, bu il iyunun 4-də Sabunçu RPİ 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Seyfulla Bədəlov saxlanılıb. Onun Nardaran qəsəbəsində yerləşən evinin həyətinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilən 171 ədəd çətənə kolu və 6 kq. 245 qram marixuana aşkar olunaraq götürülüb.
Saxlanılan şəxs ifadəsində narkotik tərkibli bitkini özü əkdiyini və həmin çətənə yarpaqlarını yığaraq qurutduğunu bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.