Bakı Ağır Cinayətlər Məhkəməsində Şirvan çəhər sakini Elnur Ağayevin CM-nin 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki , bu il aprelin 12-də DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub.Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində, naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.
Bakı şəhər Baş Polis İdarəsi (BPİ) və Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən əvvəllər məhkum olunmuş Elnur Ağayev saxlanılıb. Dindirmə zamanı, o törətdiyi cinayəti etiraf edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.