Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində hazırda həbsdə olan Əli Dadaşov ifadə verib.
Onun sözlərinə görə, hadisədən əvvəl Bakıdan Lənkərana etap olunub:
“Mən heç nə görməmişəm, yatmışdım. Mən yalnız Etibarın birlikdə cinayət törətdiyi Tahiri tanıyıram. Qatarda Etibarla yanaşı, Tahirə də sərbəst şərait yaradılmışdı”.
Məhkəmədə şahidin ibtidai istintaqa verdiyi ifadə elan edilib.
Digər şahid həbsdə olan Cəlil Əliyev isə ifadəsində deyib ki, Etibar Məmmədovun hansı kamerada olmasından xəbəri olmayıb. Şahidin ifadələri ziddiyyətli olduğu üçün ibtidai istintaqa ifadəsi elan edilib.
İfadədə göstərilib ki, Etibar Məmmədova göy rəngli zənbildə nə isə verilib:
“Etibarın dəhlizdə sərbəst gəzməsi məni təəccübləndirdi. Etibar istənilən kameraya gedib, söhbət edirdi”.
Şahid ifadəsini təkzib edib.
Sonra vəkil Eynulla Vəliyev hər iki şahidin and içmədən ifadə verdiyi üçün onların ifadəsinin sübutlar siyahısından çıxarılması istəyib.
Proses sentyabrın 26-da davam etdiriləcək.
Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.
Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinin iştirakı ilə hadisə yerinin müfəssəl müayinəsi həyata keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində 2017-ci ilin oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə Bakı şəhərinə müşayiət zamanı xüsusi vaqondan qaçmış, 1989-cu ildə Şirvan şəhərində anadan olmuş, əvvəllər məhkum olunmamış, Cinayət Məcəlləsinin 120.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilən Əli Ağami Şirvan şəhərində tutularaq istintaq təcridxanasına yerləşdirilib, araşdırma aparılır. “Qoca” ləqəbli Etibar Məmmədov isə saxlanılan zaman atışmada ölüb.
Xatırladaq ki, cinayət işi üzrə 13 nəfər təqsirli bilinir və 1 nəfər barəsində isə axtarış elan olunub. Həbsdə olan şəxslər müğənni F.Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur.
İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.//oxu.az