Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini İntiqam Mirzəyevin CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, Suraxanı rayonunda yaşayan İntiqam Mirzəyev qonşusu Cəlal Vəliyevə bıçaqla xəsarətlər yetirib. Nəticədə zərərçəkmiş 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb, həkimləri səyi nəticəsində onun həyatı xilas edilib. Suraxanı RPİ-nin əməkdaşları tərəfindən saxlanılan Mirzəyev bildirib ki, onların arasında 40 manat pula görə mübahisə yaranıb, buna görə də o cinayəti törədib.
İşin hallarını araşdıran məhkəmə CM-nin 29.120.1-ci maddəsini 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsinə tövsif edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.