Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zaur Qasımovun (1994-cü il təv.) CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunmasına dair hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.
Median.Az xəbər verir ki, ötən il noyabrın 27-də 2-ci Zabrat qəsəbəsindən 3 saylı şəhər klinik xəstəxanasına döş qəfəsindən aldığı ağır yara ilə Naxçıvan sakini Xəyal Məmmədov (1995-ci il təv.) çatdırılıb. Həkimlərin səyinə baxmayaraq o keçinib. Həmin gecə Sabunçu RPİ 15-ci polis bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törədən Zaur Qasımov saxlanılıb.
Məlum olub ki, tanışlar arasında mübahisə qəsəbənin H.Aslanov küçəsində baş verib. Nəticədə Qasımov üzərindəki bıçaqla dostunun ürək nahiyyəsindən bıçaqla bir zərbə endirib və hadisə yerindən qaçıb. Şahidlərin sölərinə görə, onların arasında hadisədən 10 gün əvvəl də internet klubda mübahisə olub, lakin həmin vaxt onları ətrafda olan şəxslər ayırıblar.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs 19 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Hökmdən məhkum apellyasiya şikayəti verib.
Bakı Apellyasiya Məhkəməsində ilkin baxışda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Baxış sentyabrın 24-ə təyin edilib.