Median.Az xəbər verir ki, sentyabrın 17-i səhər saat 4 radələrində Ağstafa şəhərində yaşayan Əmirxan Mustafayevin evinə qarət məqsədi ilə girmiş iki maskalı şəxs onun baş nahiyəsinə avtomat silahının qundağı ilə xəsarət yetirib, havaya 2 dəfə atəş açaraq, bıçaqla hədələyib pul verməsini tələb ediblər. İnsident zamanı zərərçəkmiş onlardan birini tərkisilah edib, digəri isə hadisə yerindən qaçıb.
Ağstafa RPŞ əməkdaşları tərəfindən aparılmış araşdırmalarla saxlanılmış şəxsin Saloğlu qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ceyhun Novruzov, qaçan şəxsin isə şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Budaqov olması müəyyən edilib. Cinayətin törədilməsində istifadə edilmiş “AKM” markalı silah, 1 ədəd patron darağı, 29 ədəd patron və 2 ədəd giliz polis əməkdaşları tərəfindən götürülüb.
Həyata keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində A.Budaqov saxlanılıb.
Ağstafa RPŞ İstintaq bölməsində CM-nin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.