Bakı Ağır Cinayətlər Məhkəməsində Ağcabədi rayon sakini Amin Kazımovun CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.
Median.Az xəbər verir ki, bu il martın 4-də Nizami rayonun Qara Qarayev prospektində, kirayə qaldığı evin qarşısında avtomobilin yuyulması üstündə Amin Kazımov 52 yaşlı Yaşar Məmmədovu qətlə yetirib və sonra anadan olduğu Ağcəbədi rayonuna qaçıb. 2 gündən sonra Nizami RPİ
25-ci polis bölməsinin əməkdaşları onu həmin rayonda tutublar. Fakta görə Nizami rayon prokurorluğunda cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Amin Kazımov barəsində həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, hadisədən əvvəl qeyd edilən ünvanın qarşısında gözətçi işləyən Yaşar Məmmədov, Amin Kazımova məhəllədə avtomobil yumasını irad tutub. Buna görə tərəflər arasında mübahisə düşüb. Kazımov Məmmədovu əvvəlcə döyüb, daha sonra üzərində olan bıçaqla ona 7 dəfə zərbə vuraraq, onu qəsdən öldürüb. Zərərçəkmiş xəstəxanaya aparılarkən yolda kəskin qan itirmədən keçinib. Həmin hadisə ərazidəki təhlükəsizlik kamerasına da düşüb.
Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
İş üzrə baxış sentyabrın 26-na təyin edilib.