Bu gün Nərimanov Rayon Məhkəməsində Psixi Sağlamlıq Mərkəzinin saxta sənəd düzəltməkdə təqsirləndirilən həkimi Hacıağa Mahmudovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bu barədə Oxu.Az-a vəkil Feyzulla Mehdiyev məlumat verib.
O deyib ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Vəkil onu da əlavə edib ki, hüquqlarını müdafiə etdiyi şəxs özünü təqsirli bilmir.
Məhkəmə baxışı sentyabrın 24-nə təyin edilib.
İttihama görə, H. Mahmudov Psixi Sağlamlıq Mərkəzinin həkimi vəzifəsində çalışarkən, xəstələrə sağlamlıq haqqında saxta arayış verib. Ona qarşı Cinayət Məcəlləsinin 309.1 və 313-cü maddələri ilə ittiham irəli sürülüb.