Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Məmmədova (Laçın), Əli Ağami, Penitensiar Xidmətin tabor komandiri Bəhruz Abdullayev, Penitensiar Xidmətin qarovul rəisi Ceyhun Səmədov, müavinləri Tural Poladxanov və Fuad Hacıyev, taksi sürücüsü Məhəmməd Hacıyev, Günay Atakişiyeva, Aqil Nəcəfov, İsrafil Soltanov, Şahmar Bəyəlizadə, Tərlan Zeynalov və Anar Əsgərovun CM-nin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və digər maddələri ilə təqisrləndirilmələrinə dair cinayət işi üzrə hazırlıq iclası başa çatıb.
Median.Az xəbər verir ki, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Penitensiar xidmətin sabiq qarovul rəisi Ceyhun Səmədov bildirib ki himayəsində iki azyaşlı, müavini Fuad Hacıyev üç azyaşlı, digər müavini Tural Polatxanovun bir azyaşlı, Konvoy taborunun sabiq komandiri Bəhruz Abdullayev iki azyaşlı, Əli Ağami iki azyaşlı, Məhəmməd Hacıyev üç azyaşlı, İsrafil Soltanov iki azyaşlı və Anar Əsgərov üç azyaşlı uşağları olduğunu bildiriblər. Günay Atakişiyeva, Tərlan Zeynalov və Şahmar Bəyəlizadə subay olduqlarını söyləyiblər.
Müğənni Fədayə Məmmədova bildirib ki, 1976-cı ildə Laçın rayonunda anadan olub, 24 yaşlı oğlu var, əvvəllər məhkum olunmayıb.
Daha sonra təqsirləndirilən Aqil Nəcəfovun vəkili vəsatət verərək, müdafiə etdiyi şəxsin barəsində olan cinayət işinə xitam verilməsinin istəyib.
Digər təqsirləndirilən Anar Əsgərovun vəkili isə vəsatət qaldıraraq, hüquqlarını müdafiə etdiyi şəxsin ev dustaqlığına buraxılmasını xahiş edib.
Məhkəmə vəsatətləri təmin etməyib.
İş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınıb.
Məhkəmə baxışı avqustun 8-nə təyin edilib.