Respublika Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti birgə məlumat yayıb.
Məlumatda bildirilir:
“Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Dərhal görülmüş tədbirlərlə Gəncə şəhərində ictimai asayiş tam bərpa edilmiş, bütövlükdə respublikada sabitlik və təhlükəsizlik etibarlı qorunur.
Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə həmin qanlı cinayəti törədənməkdə şübhəli bilinən iki nəfər - Gəncə şəhər sakinləri 1988-ci il təvəllüdlü, əvvəllər qəsdən adam öldürmə və soyğunçuluq cinayətlərinə görə məhkum olunmuş Rəşad Məmmədəli oğlu Böyükkişiyev və 1988-ci il təvəllüdlü Fərrux Xəqani oğlu Qasımov müəyyən edilmiş və onların tutulması üçün tərəfimizdən intensiv iş aparılır.
Eyni zamanda, fotoşəkilləri təqdim edilmiş həmin şəxslərin gizləndikləri yeri bilən vətəndaşlarımızdan bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, habelə Bakı şəhərində (012) 590-93-31; (012) 590-94-31; (012) 492-73-96, Gəncə şəhərində (012) 590-61-14; (012) 590-61-15; 256-07-73; 256-75-09 telefon nömrələrinə zəng vurub məlumat vermələri xahiş olunur”.