Bakı Ağır Cinayətlər Məhkəməsində Sumqayıt şəhər sakini Famil Abduləzimovun (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Median.Az xəbər verir ki, 2016-cı il mayın 18-də Sumqayıt şəhəri, Z.Tağıyev qəsəbəsi, Dəmiryol yaşayış massivində Famil Abduləzimov həyat yoldaşı Xalidə Günəşovaya balta ilə zərbələr endirərək, onu qətlə yetirib. Daha sonra o, öz qollarına və qarnına bıçaqla xəsarətlər yetirib, lakin vaxtında Təcili Tibbi Yardım Xəstəxanasına çatdırıldığı üçün həyatı xilas edilib. Sağalana kimi Famil palatada polis nəzarətində qalıb, sonra isə istintaq təcridxanasına köçürülüb.
İstintaqda dindirilmiş Famil Abduləzimov Xalidə Günəşovanı qısqanclıq zəmnində öldürdüyünü bildirib.
Məlum olub ki, Abduləzimov ilk dəfə 2009-cu ildə evlənib, iki övladı olub, 2012-ci ildə isə boşanıb. Həmin il Xalidə Günəşova Famil Abduləzimova qoşulub qaçıb. Ailələr əvvəlcə narazı olsa da, sonradan bu evliliyə razılıq veriblər. Lakin təqsirləndirilən şəxsin ilk evliliyini gizlətməsi sonradan ailə münaqişələrinə səbəb olub. Buna baxmayaraq Xalidə və onun ailə üzvləri Famili bağışlayıblar. Birinci arvadına aliment ödəmədiyi üçün 4 ay həbsxanada keçirib.
Prosesdə çıxış edən dövlət ittihamçısı təqsirləndirilən şəxsə 14 il cəza təyin edilməsini xahiş edib.
Növbəti məhkəmə iclası ayın 17-nə təyin olunub.