Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmkəndlisinin evindən oğurluq edən rayon sakinləri saxlanılıb. Araşdırmalarla onlardan birinin digər oğurluq əməli də üzə çıxıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara rayonunun Şahağacı kənd sakini Y.Mirzəyeva polisə müraciət edərək, gecə saatlarında ona məxsus yaşayış evindən ümumilikdə 1100 manat dəyərində qaynaq aparatı, motorlu əl mişarı, dəmirkəsən alət və digər ev əşyalarının oğurlandığını bildirib.
Astara RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların rayonun Şahağacı kənd sakinləri Elvin Quliyev və əvvəllər məhkum olunmuş Zaur Qurbanov olduğu məlum olub.
Oğurlanmış əşyalar onlardan aşkarlanaraq maddi sübut kimi götürülüb.
Aparılan araşdırmalar nəticəsində saxlanılan şəxslərdən biri Z.Qurbanovun digər oğurluq əməli də üzə çıxıb. Onun həmkəndlisi S.Həsənovaya məxsus bir baş qoyunu örüş sahəsindən oğurladığı müəyyən edilib.
Faktla bağlı Astara RPŞ-də araşdırma aparılır.