Bakı Apellyasiya Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Xəyal Məmmədov barəsindəki hökmdən prokuror tərəfindən verilən apellyasiya protestinə baxılıb.
Bu barədə Oxu.Az-a vəkil Əli Hüseynov məlumat verib.
Onun sözlərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə apellyasiya protesti təmin olunmayıb və X.Məmmədov barəsində çıxarılan bəraət hökmü qüvvədə saxlanılıb.
İttihama görə, ötən il iyunun 12-də Binəqədi qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi “Range Rover” markalı avtomobillə Rahib Əliyevin “Ford” markalı avtomobili toqquşub.
Qəza nəticəsində “Ford”un sürücüsü və sərnişini - Orxan Orucovla Rahib Əliyev hadisə yerində ölüb. Məlum olub ki, qəza baş verən zaman “Range Rover”in sükanı arxasında Abşeron Rayon Polis İdarəsinin əməkdaşı, çavuş Xəyal Məmmədov olub. O, dərhal saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilərək istintaqa təhvil verilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Məmmədova bəraət verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.