"Kiyev Azərbaycan qazının Avropaya tranzitinə razılıq verə bilər".
Median.Az kommersant.ru portalına istinadən xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenski ilə təmaslardan sonra mətbuata verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Bratislava bu məsələdə Kiyevə təzyiq edir.
Bəs, ümumiyyətlə belə bir sxem mümkündürmü?
Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun aparıcı mütəxəssisi İqor Yuşkov hesab edir ki, hazırda Azərbaycanın Ukrayna üzərindən Avropaya göndərə biləcəyi ehtiyatı yoxdur.
"Hazırda ölkədə artıq qaz yoxdur. Bu yaxınlarda hətta müqavilə əsasında Bolqarıstana tədarüklər dayandırılıb, çünki "Şahdəniz 2" yatağında problem yaranıb. Artıq ehtiyat yaransa belə, Bakı bütün mövcud qazını cənub marşrutu ilə satır. Bu, Türkiyəyə və Avropaya tədarük deməkdir. Bundan əlavə, bu halda Rusiya və Ukraynaya tranzit üçün ödəniş etmək lazım gələcək. Nəzərə alsaq ki, Azərbaycanda çox az miqdarda artlq qaz var, Slovakiyanın hətta 2-3 milyard kubmetr mavi yanacaq əldə etməsi çətin olacaq. Hiss olunur ki, Ukrayna sadəcə vaxt udmağa çalışır. Onlar mövsümü başa vurmağa çalışır ki, sonra Slovakiyanın elektrik enerjisindən daha az asılı olsunlar. Çünki Slovakiya hazırda Ukraynanın elektrik enerjisi idxalının təxminən yarısını təmin edir" - deyə İqor Yuşkov vurğulayıb.
Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun və Maliyyə Universitetinin aparıcı eksperti Stanislav Mitraxoviç isə vurğulayıb ki, Azərbaycan Rusiya qazının ixracında vasitəçi kimi çıxış edə bilər.
"Fiziki olaraq Rusiya mənşəli qaz Ukrayna ərazisindən keçəcək, lakin Azərbaycan şirkətləri bu prosesdə vasitəçi kimi iştirak edə bilərlər. Bu baxımdan, sənədin Azərbaycandakı, Slovakiyadakı, İsveçrədəki, yaxud başqa bir ölkədəki struktura keçirilməsi prinsipial fərqlə nəticələnməyəcək. Bu, sadəcə olaraq Rusiya mənşəli qazın axınının davam etməsini qanuni şəkildə təmin edəcək.
Bu variant, prinsipcə, əvvəllər Ukraynanı da qane edirdi. Bundan əlavə, bu, neft sektorunda Kiyevə uyğundur, çünki "Drujba" neft kəmərinin cənub qolundan keçən Rusiya mənşəli yanacaq Ukrayna ərazisində Macarıstan qazı adı ilə vurulur. Yəni, Macarıstan şirkəti sərhədi keçən kimi onun sahibi olur. Bir çox ekspert və siyasətçi, sənayedən olan insanlar oxşar sxemin qazla bağlı da təkrarlanacağına inanırdılar, lakin Volodimir Zelenski oyundakı payını artırmaq qərarına gəldi" - deyə Stanislav Mitraxoviç vurğulayıb.
//oxu.az