Noyabrın 30-da Tərtər rayonu Suqovuşan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
Bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Tərtər rayonu Suqovuşan qəsəbəsində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 1992-ci il təvəllüdlü (kişi cinsli) şəxs Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Ona döş qəfəsində çoxsaylı qabırğaların sınığı və sol körpücük akromial oynağın travmatik çıxığı diaqnozu təyin edilib. Pasiyentə zəruri tibbi yardımlar göstərilib və Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Hazırda pasiyentin müalicəsi tibb müəssisəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, sözügedən yol-nəqliyyat hadisəsi zamanı dörd nəfər ölüb. Hadisəyə səbəb avtomobilin aşması olub.