Çin ABŞ Prezidenti Donald Trampın birinci administrasiyası ilə 2020-ci ildə əldə edilmiş razılaşmalar əsasında ABŞ ilə ticarət siyasəti üzrə danışıqlara başlamağı planlaşdırır.
Bu barədə “The Wall Street Journal” (WSJ) qəzeti məlumat verib.
Mənbələrin məlumatına görə, ticarət müharibəsinin qarşısını almaq üçün Çin Trampın ilk prezidentlik müddətində imzalanmış və ABŞ-dan idxalın 200 milyard dollar artırılması öhdəliklərini özündə ehtiva edən "birinci mərhələ" razılaşmalarına qayıtmaq istəyir.
Pekin Ümumdünya Ticarət Təşkilatı (ÜTT) çərçivəsində danışıqlar aparmağa, həmçinin ABŞ iqtisadiyyatına, xüsusilə elektromobillərin akkumulyatorlarının istehsalına investisiyaları artırmağa çalışacaq.
Tramp Kanada, Çin və Meksikadan olan mallara tariflər tətbiq edilməsi barədə fərman imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25 % (Kanada enerji resurslarına 10 %) tarif, Çindən olan mallara əlavə 10 % tarif tətbiq edilir. 2023-cü ildə bu üç ölkənin ABŞ-yə ümumi ixracı təxminən 1,5 trilyon dollar təşkil edib.