İsrail və Livanın "Hizbullah" hərəkatı arasında 2024-cü ilin noyabr ayının sonunda qüvvəyə minən atəşkəs rejiminin uzadılması gözlənilir.
Bu barədə "Bloomberg" agentliyi Livan, İsrail və Fransa mənbələrinə istinadən məlumat verib.
Bildirilir ki, "Hizbullah" və İsrail atəşkəs rejiminin ilkin şərtlərinin yerinə yetirilməsi üçün daha çox vaxta ehtiyac duyur və hərbi əməliyyatları bərpa etmək niyyətində deyillər.
Yüksək rütbəli israilli diplomatın bildirdiyinə görə, tərəflər münaqişənin yenidən başlanmasının qarşısını almaq üçün yanvarın 27-də başa çatan atəşkəs müddətinin uzadılmasını müzakirə edirlər. İsrail və Livan arasında diplomatik əlaqələr olmadığından, onlar vasitəçilərsiz danışıqlar apara bilmirlər, buna görə də nizamlamada Fransa nümayəndələri də iştirak edirlər.
Qeyd olunur ki, Livanda atəşkəs rejimi noyabrdan qorunub saxlansa da, "Hizbullah" və İsrail bir-birlərini onun şərtlərini pozmaqda ittiham edirlər.
Xatırladaq ki, 2024-cü ilin noyabrında qüvvəyə minən atəşkəs sazişi BMT sülhməramlılarının dəstəyi ilə cənub sərhədi boyunca Livan ordusunun yerləşdirilməsini və "Hizbullah" silahlı birləşmələrinin Litani çayının arxasına çəkilməsini nəzərdə tutur. Öz növbəsində İsrail 60 günə qədər müddətdə quru əməliyyatı apardığı Livanın cənubundan öz qoşunlarını çıxarmalıdır. Yanvarın 21-də Livan Prezidenti general Cozef Aun xatırladıb ki, İsrail ordusu bu sazişə əsasən, yanvarın 27-də başa çatan müəyyən edilmiş müddətdə onun ölkəsinin cənub rayonlarını tərk etməlidir.
//oxu.az