İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi Qətibə İsayeva hazırda “Qənnadıçı-şirniyyatçı” ixtisası üzrə təhsil alır.
Median.Az İTV-yə istinadən xəbər verir ki, Qətibə xanım övladları, doğmaları üçün tez-tez bir-birindən dadlı şirniyyatlar bişirib, qənnadıçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib. Elə bu səbəbdən də Peşə Təhsil Mərkəzində yeni biliklərə yiyələnmək qərarına gəlib:
“Hər bir azərbaycanlı qadın kimi dadlı şirniyyat bişirməyə həvəsli idim. Amma baxdım ki, hər bir sahədə olduğu kimi bu işdə də yeniliklər var və mən onları bilmirəm. Qərar verdim ki, mən gedib qənnadçılığı öyrənməliyəm. Gələndən sonra burada çox şey öyrəndim”.
Qətibə xanımın sözlərinə görə, orta məktəbi bitirdikdən sonra təhsilinə davam etmək üçün universitetə imtahan versə də, qəbul ola bilməyib. Ailəsinə dəstək olmaq üçün müxtəlif sahələrdə çalışıb. Lakin həmişə təhsil almaq arzusu ilə yaşayıb. O bildirir ki, təhsilə başladığı ilk vaxtlar çətinliklər olsa da, bu onu dayandırmayıb:
“Düşünürdüm ki, buradakı uşaqlar, yəni sinif yoldaşlarım məni necə qarşılayacaqlar. Düzdür, mənimlə yaşıd olanı yoxdur. Amma bu sahədən başı çıxan, qənnadçılığı yaxşı bilənlər var”.
İstehsalat təlim ustası Kəmalə Qurbanovanın sözlərinə görə, Qətibə xanım dərslərə çox həvəsli və yaxşı hazırlaşır, özünü nümunəvi tələbə kimi aparır. Bundan başqa, o, gənclərə də örnəkdir.
Daha ətraflı süjetdə: