Rusiyanın Ukraynanın Xarkov vilayətinə hücumları nəticəsində insan itkiləri və dəyən zərər açıqlanıb.
Xarkov vilayəti hərbi administrasiyanın rəhbəri Oleq Snequbov "Report"un Şərqi Avropa bürosuna müsahibəsində bildirib ki, ən ağır vəziyyət vilayətin Rusiya ilə sərhəd Vovçansk rayonu istiqamətindədir: "İndi ən başlıcası düşmənin irəliləməsini dayandırmaqdır və ordumuz bunu artıq həyata keçirib. Artıq cəbhə xətti sabitləşib və ordumuz düşmənin sərhədlərə qayıtması üçün mümkün olan hər şeyi edəcək. Vovçanska gəlincə, şəhərin bir hissəsi düşmənin nəzarəti altındadır. Hazırda orada küçə döyüşləri gedir", - vilayət rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, hər gün Xarkov şəhəri də daxil olmaqla vilayətdə 35-dən çox yaşayış məntəqəsi atəşə tutulur: "Söhbətimizdən az əvvəl 3 dəfə idarə olunan bombalarla, yenə mülki infrastruktura, fərdi yaşayış evlərinə zərbələr endirildi. Çox təəssüf ki, qurbanlar oldu, onlardan ikisi uşaq idi. Biz belə şəraitdə yaşayırıq”.
O bildirib ki, əsas vəzifə əhalinin elektrik enerjisini bərpa etmək və əhalini təmin etməkdir: “Qeyd edim ki, biz enerji sisteminə raket hücumlarının nəticələri ilə bağlı daim mübarizə aparırıq. Əsas vəzifəmiz dağıntıların nəticələrini aradan qaldırmaq, növbəti qış mövsümünə hazır olmaqdır".
Vilayət rəhbəri, eyni zamanda Xarkov vilayətində itkiləri də açıqlayıb. Əsas itkilərin əsasən son bir neçə ayda olduğu məlum olub: "Düşmən artıq vilayətimizdə 2000-dən çox mülki vətəndaşımızı qətlə yetirib, onlardan 80-i uşaq, ən kiçiyi isə cəmi 5 aylıq idi.
Artıq 6 mindən çox dağıdılmış obyektimiz var, onların əksəriyyəti yaşayış binaları, çoxmərtəbəli binalar, fərdi yaşayış evləri, o cümlədən enerji sistemi, tibb müəssisələri, təhsil müəssisələri, həmçinin uşaq bağçalarıdır".