Qırğızıstan bankları “Mir” ödəniş sisteminin bir hissəsi olan Rusiya kartları ilə əməliyyatların aparılmasını dayandırıb.
Bu barədə “Elkart” milli ödəniş sisteminin operatoru olan Qırğızıstanın “Banklararası Proses Mərkəzi” QSC-nin saytında məlumat verilib.
Məlumatda qeyd edilir ki, “Mir” kartları istifadəçiləri üçün ekvayrinq cihazlarında kart xidməti (POS-terminallarda nağdsız ödənişlər və bankomatlarda nağd pul çıxarılması), kartdan karta köçürmə və elektron ticarət xidməti dayandırılıb.
Qeyd edilib ki, bu ilin fevral ayında ABŞ Maliyyə Nazirliyinin xarici aktivlərə nəzarət üzrə məsul bölməsi “Mir” ödəniş sisteminin kart operatoru olan “Milli Ödəniş Kartları Sistemi” ASC-yə qarşı sanksiyalar tətbiq edib. İkinci dərəcəli sanksiyalar riskini minimuma endirmək üçün Qırğızıstan tərəfi daha sonra respublika ərazisində “Mir” kartları ilə əməliyyatların aparılmasından imtina etməyə məcbur olub.
Qırğızıstan Milli Bankı bildirib ki, onların bu cür məsələlərlə bağlı kommersiya banklarının işinə müdaxilə etmək səlahiyyəti yoxdur və banklar hansı ödəniş sistemi ilə işləməyi müstəqil həll etmək hüququna malikdir.
Xatırladaq ki, bundan əvvəl Ermənistan bankları Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırıb.
Mənbə: TASS