Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) malyariya əleyhinə hazırlanmış ilk peyvəndin uşaqlar üçün geniş istifadəsini tövsiyə edib.
Median.Az AZƏRTAC-a istinadən bildirir ki, təşkilatın baş direktoru Tedros Qebreyesus bu barədə məlumatı açıqlayarkən, malyariyaya qarşı mübarizədə "tarixi gün" yaşandığını bildirib. Qeyd edilib ki, ÜST 20019-cu ildən bəri Qana, Keniya ə Malavidə aparılan pilot layihə çərçivəsində vurulmuş RTS,S peyvənd maddəsinin yoxlanılması başa çatıb. ÜST peyvəndin Afrikanın Cənubi Saxara regionu və dünyada malyariyaya yüksək və orta yoluxma riskinin mövcud olduğu digər regionlarda tətbiqini tövsiyə edib.
Qeyd edilib ki, riskli regionlardakı uşaqlara iki yaşadək dörd peyvənd dozası vurulmalıdır. "Uzun zamandan gözlənilən uşaqlar üçün malyariyaya qarşı peyvənd elm, uşaqların sağlamlığı və malyariya ilə mübarizədə dönüş nöqtəsidir",- deyə T.Qebreyesus tibbi nailiyyəti yüksək qiymətləndirib.
Malyariya dünyada, əsasən də Afrikada hər il azı 400 min insanın həyatına son qoyur. Ölüm hallarının əksəriyyəti beş yaşadək uşaqlar arasında baş verir. Cənubi Saxara ölkələrində malyariya hər il orta hesabla 12 milyard ABŞ dolları həcmində xərclərə səbəb olur və bu regionda ölüm hallarının yarısı malyariya səbəbindən baş verir.
ÜST-nin Afrika üzrə regional direktoru Matşidiso Moeti bildirib ki, malyariya əsrlərdən bəri Afrikanın Cənubi Saxara regionunda böyük insani fəlakətə çevrilib: "Biz uzun zamandan bəri təsirli peyvənd maddəsini gözləyirdik".