Rusiyada bağçada tərbiyəçinin uşaqları qaranlıq ayaqyoluna salması barədə video sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Bu barədə REN TV xəbər yayımlayıb.
Paylaşılan videodan görünür ki, qadın iki balaca uşağın əlindən kobudcasına tutaraq onlara acıqlanır, sonra isə bir-birinin ardınca qaranlıq otağa salır. Az müddətdən sonra o, uşaqları oradan çıxararaq aparır.
Məlumata görə, hadisə Moskvada lisenziyasız işləyən özəl bağçaların birində qeydə alınıb. Valideynlər övladlarının getdikcə hər şeydən qorxmalarını müşahidə ediblər. Bundan sonra müəssisəyə quraşdırılan kameraların köməyilə tərbiyəçilərin uşaqları incitdiyini öyrəniblər.
O da vurğulanır ki, valideynlər buraya hər ay 72000 rubl (1966 AZN) pul ödəyirlər.
Müəssisənin direktorunun sözlərinə görə, tərbiyəçi artıq işdən qovulub.