İyulun 1-dən 21-nə qədər Gürcüstana 142 477 Rusiya vətəndaşı səfər edib.
Median.Az report-a istinadən xəbər verir ki, bu barədə TBC Bankın “TBC Research” bölməsinin araşdırmasında bildirilib.
Sənədə əsasən, 1-7 iyul arasında rusiyalı ziyarətçilərin sayı 50 030, 8-14 iyul arasında 41 423, 15-21 iyul arasında isə 51 024 nəfər təşkil edib.
Bu ayın birinci həftəsində rusiyalı ziyarətçilərin sayında 4,1%, ikinci həftəsində 21,4%, üçüncü həftəsində isə 13,5% azalma qeydə alınıb.
Hesabat dövründə Gürcüstana gedən rusiyalıların 9 699 nəfəri Azərbaycandan bu ölkəyə səfər edib.
Rusiya və Gürcüstan arasında birbaşa aviadaşımalara tətbiq olunan qadağadan sonra (8 iyul) Azərbaycandan Gürcüstana quru yol vasitəsilə səfər edən rusiyalıların sayında artım qeydə alınıb. Belə ki, 8-14 iyul tarixləri arasında Azərbaycandan Gürcüstana 2 887 nəfər, 15-21 iyul tarixləri arasında isə 3 629 nəfər Rusiya vətəndaşı səfər edib.
İyul ayının üçüncü həftəsi ərzində Gürcüstana Azərbaycandan səfər edən Rusiya vətəndaşlarının sayı illik müqayisədə 3,5% artıb.