Bakı şəhəri Nərimanov rayonu, Təbriz küçəsində yerləşən "Royal Petrol" yanacaq doldurma məntəqəsində 45 litr yanacaq tutumu olan "Toyuta Prius" (2008) modelinə 47 litr benzin vurulub.
Paytaxt sakini İlkin Əsədov BAKU.WS-ə ünvanladığı şikayətində bildirir ki, sözügedən yanacaq doldurma məntəqəsində aldadılıb.
"10-15 litr yanacaqla məntəqəyə girmişəm, deyirlər ki, 45 litrlik çənə 47 litr benzin vurublar! Bu vicdansızlığın cəzası nədir? Dərdimizi kimə deyək? Göz görə-görə oğurluqdur, cibgirlikdir. Xahis edirəm dəstək olun, tədbir görülsün!"-yazaraq, oxucumuz bizdən kömək istəyib.
Oxucumuz bu gün - 19.07.2019 tarixində saat 14:30-da aldadıldığını və bunu sübut edən qəbzin mövcud olduğunu deyir.
Qeyd edək ki, "Toyota Prius" avtomobilinin əksər modellərində yanacaq tutumu maksimum 45 litrdir.
"Royal Petrol" yanacaq doldurma məntəqəsinin səlahiyyətli şəxslərindən məsələyə münasibət öyrənmək istəsək də, cəhdimiz baş tutmadı. Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.