Fevralın 10 və 11-də Yer kürəsində zəif maqnit qasırğaları başlaya bilər.
Median.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Boqaçev məlumat verib.
Onun sözlərinə görə, bu halın baş vermə səbəbi tac dəliyidir.
"Belə obyektlər Günəş küləyinin sürətli axınlarını yaradır və ötən gün Yer kürəsi bu axına qərq olub. Tac dəlikləri qasırğalara gətirib çıxara bilər, lakin bunlar Günəşdə partlayışlardan sonra yaranan qasırğalar kimi güclü deyillər. Risk artımı olsa da, hər hansı çox güclü hadisələrin olması dəqiqliklə mümkün deyil. Bu gün və sabah (10-11 fevral - red.) zəif hadisələr baş verə bilər", - deyə Sergey Boqaçev bildirib.
Qeyd edək ki, bir gün əvvəl astrofiziklər fevralın 10-da maqnit qasırğasının olacağını proqnozlaşdırmışdılar. Onların proqnozlarına görə, bu, təxminən altı saat davam edəcək - Moskva vaxtı ilə saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) günortaya qədər. Bununla belə, maqnit aktivliyində dalğalanmalar çox güclü olmayacaq. Lakin baş verərsə, bu, 2025-ci ilin fevralında ilk hal olacaq.
Fevralın 10-16-da Yer kürəsinin güclü tac dəliyinin təsirinə məruz qalacağı gözlənilir ki, bu da güclü Günəş küləyinin mənbəyidir. Bu, Yerin maqnitosferində dalğalanmalara, yəni maqnit qasırğalarına səbəb ola bilər.