2027-ci ildə inflyasiya əhalinin alıcılıq qabiliyyətini azalda bilər – İQTİSADÇIDAN AÇIQLAMA
2027-ci il üçün orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozlaşdırılır. Eyni zamanda, ÜDM-in 2,7 faiz artacağı gözlənilir. Bu fonda iqtisadi artımın əhalinin gündəlik həyatına, gəlirlərinə və alıcılıq qabiliyyətinə təsiri diqqət çəkir. Xüsusilə qiymət artımları fonunda vətəndaşların sosial rifahının qorunması məsələsi aktuallaşır.
2027-ci ildə proqnozlaşdırılan 5,3 faizlik inflyasiya əhalinin alıcılıq qabiliyyətinə necə təsir göstərə bilər?
Bununla bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Median.Az-a açıqlamasında deyib ki, 2027-ci ildə orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozu əhalinin alıcılıq qabiliyyətinə müəyyən təzyiq göstərəcək:
2027-ci ildə proqnozlaşdırılan 5,3 faizlik inflyasiya əhalinin alıcılıq qabiliyyətinə necə təsir göstərə bilər?
Bununla bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Median.Az-a açıqlamasında deyib ki, 2027-ci ildə orta illik inflyasiyanın 5,3 faiz olacağı proqnozu əhalinin alıcılıq qabiliyyətinə müəyyən təzyiq göstərəcək:
“Çünki inflyasiya insanların gəlirlərinin nominal ifadədə artmasına baxmayaraq, həmin pulla daha az məhsul və xidmət əldə etməsinə səbəb olur. Xüsusilə ərzaq, kommunal xidmətlər, nəqliyyat və gündəlik tələbat mallarının qiymətlərində artım əhalinin büdcəsinə daha ciddi təsir göstərir. Bu prosesdən ilk növbədə aşağı və sabit gəlirli ailələr, pensiyaçılar və sosial müavinətlərlə yaşayan vətəndaşlar daha çox zərər görürlər. Çünki onların gəlirlərinin böyük hissəsi ərzaq və digər zəruri ehtiyaclara sərf olunur. Burada əsas məsələ inflyasiyanın 5,3 faiz olması deyil, əhalinin gəlirlərinin bu artım tempinə uyğun yüksəlib-yüksəlməməsidir. Əgər əməkhaqları, pensiyalar və sosial müavinətlər inflyasiyadan daha aşağı templə artırılarsa, vətəndaşların real gəlirləri azalacaq. Məsələn, bir insanın aylıq gəliri 5 faiz artdığı halda, onun istehlak etdiyi məhsul və xidmətlərin qiyməti 5,3 faiz yüksələrsə, həmin şəxsin real alıcılıq qabiliyyəti bir qədər aşağı düşəcək”.
O qeyd edib ki, aşağıgəlirli ailələrin istehlak səbətində ərzağın xüsusi çəkisi daha yüksək olduğundan, onların faktiki inflyasiya yükü rəsmi orta göstəricidən də çox ola bilər:“ÜDM-in 2,7 faiz artması isə özlüyündə əhalinin rifahının eyni səviyyədə yüksələcəyi anlamına gəlmir. İqtisadi artımın sosial rifaha çevrilməsi üçün yeni iş yerləri yaradılmalı, əmək məhsuldarlığı və əhalinin gəlirləri artmalıdır. İqtisadi artımın nəticələri yalnız ayrı-ayrı sektorların və müəssisələrin gəlirlərində əks olunarsa, bu, əhalinin gündəlik həyatında ciddi müsbət dəyişiklik yaratmaya bilər. Ona görə də 2027-ci ildə əsas prioritet iqtisadi artımla yanaşı, əhalinin real gəlirlərinin qorunması, əməkhaqqı və pensiyaların inflyasiyaya uyğun indeksləşdirilməsi, eləcə də ərzaq qiymətlərinin kəskin artmasının qarşısının alınması olmalıdır”.
