Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI

30.10.2026 15:56 351
Şagirdlərin aqressiv davranışının səbəbləri SADALANDI
“Məktəb və televiziya arasında son zamanlar müəyyən qarşıdurma meyilləri müşahidə olunur. Ümumilikdə cəmiyyətdə mediaya qarşı aqressiyanın artdığı hiss edilir. Yerli-yersiz televiziya və media qurumları kəskin tənqidlərə məruz qalırlar. Bunun müəyyən rasional tərəfi medianın fəaliyyətindən gözləntilərin artması ilə bağlı olsa da, jurnalistlərə qarşı aqressiv davranışın heç bir halda nə etik, nə əxlaqi, nə də hüquqi normalarla uzlaşdığını söyləmək mümkündür. Məsələnin digər tərəfi məktəblərdə tərbiyə, davranış və rəftar məsələləri ilə bağlıdır. Baş verənlər həm valideynlər, həm də məktəb kollektivi və rəhbərliyi tərəfindən müəyyən nöqsanlara yol verildiyini açıq şəkildə göstərir. Təəssüf ki, media nümayəndələrinə münasibət heç də sağlam deyil. Halbuki media işçiləri kifayət qədər fədakar və məsuliyyətli insanlardır”.

Bununla bağlı Median.Az-a açıqlama verən sosioloq Naib Niftəliyev bildirib ki, onlar öz peşələrinə ciddi yanaşır, mövcud problemlərin işıqlandırılmasına, cəmiyyətdə həll yollarının axtarılmasına və ictimai müzakirələrin aparılmasına mühüm töhfə verirlər:
“Lakin bütün bunların müqabilində jurnalistlər bəzən yerli-yersiz qınağa, sərt rəftara, mobbinqə, təzyiqə və müxtəlif kənar təsirlərə məruz qalırlar. Bu cür hallar mediaya münasibətin sağlam olmadığını göstərir. Əlbəttə, medianın öz fəaliyyətində müəyyən məsuliyyət payı ola bilər. Ancaq baş verənlərin hamısını medianın üzərinə qoymaq düzgün deyil. Çünki bu münasibətin formalaşmasına təsir edən amillərin əksəriyyəti media qurumlarının birbaşa nəzarətində deyil. Mediaya qarşı əsassız qınaqların və hücumların təşkilində bəzi ictimai fəalların, bloqerlərin və siyasətçilərin də təsiri var. Onların jurnalistləri davamlı olaraq hədəfə çevirməsi cəmiyyətdə mediaya qarşı mənfi münasibəti daha da gücləndirir. Nəticədə məktəblərdə də media nümayəndələrinə qarşı bəzən düşmən münasibəti formalaşır”.
O qeyd edib ki, burada müəyyən media nümayəndələrinin məktəblərə üz tutması, çəkiliş aparması və bəzi hallarda təzyiq, təhdid və şantaj xarakterli davranışlarla bağlı narazılıqları da nəzərə almaq lazımdır:
“Lakin jurnalistin qanuni peşə fəaliyyəti ilə təzyiq və şantaj arasında aydın sərhəd qoyulmalıdır. Hər hansı media nümayəndəsinin davranışından narazılıq varsa, bu məsələ sivil və hüquqi yollarla həll edilməlidir. Cəmiyyətdə aqressiya meyillərinin getdikcə artdığı müşahidə olunur. Halbuki jurnalistlər peşə fəaliyyətlərini həyata keçirərkən təhlükəsizlikləri və toxunulmazlıqları təmin edilməlidir. Hətta münaqişə bölgələrində belə jurnalistlərin fəaliyyətinin təhlükəsizliyinə xüsusi diqqət yetirilir. Bu baxımdan, adi bir məktəbdə baş verən hadisənin işıqlandırılması da jurnalistin qanuni hüququdur. Məktəb rəhbərliyi və ya digər şəxslər çəkilişə etiraz edirlərsə, bunu sivil qaydada ifadə etməlidirlər. Jurnalistin döyülməsi və təhqir olunması isə artıq sadəcə fərdi aqressiya deyil. Bu, məktəbdaxili sistemdəki nizamsızlığın, idarəetmə problemlərinin və mövcud boşluqların göstəricisi kimi qiymətləndirilə bilər. Əgər şagirdlər məktəbdə müəllimlərin və rəhbərliyin müəyyən etdiyi davranış qaydalarına əməl etsəydilər, belə bir addıma yol verməzdilər. Bu cür davranışların arxasında hansısa nəzarətsizlik və ya cəzasızlıq düşüncəsinin dayanması ehtimalı da nəzərdən keçirilməlidir. Ola bilsin ki, belə hallar əvvəllər də baş verib, sadəcə indi ictimailəşib”.
O sonda bildirib ki, bu kimi hadisələrin qarşısını almaq üçün həm hüquqi, həm də sosial-maarifləndirici tədbirlər görülməlidir:
“Məktəblərdə psixoloji və sosial mühitin vəziyyəti ciddi şəkildə qiymətləndirilməli, şagirdlərlə işin təşkili və psixoloji dəstək imkanları yenidən nəzərdən keçirilməlidir. Şagirdlərin şəxsiyyət kimi formalaşmasına, insanpərvərlik, humanizm və qarşılıqlı hörmət prinsiplərini mənimsəməsinə xüsusi diqqət yetirilməlidir. Hər bir insan fərdi şəkildə və ya hər hansı kollektivin üzvü kimi çıxış etməsindən asılı olmayaraq eyni hüquqlara malikdir. Bu hüquqların qorunması və təmin edilməsi əsas prinsiplərdən biri olmalıdır. Problemin tənzimlənməsi də hüquqi, sosial və mədəni müstəvidə həyata keçirilməlidir. Bütün bunların təməlində isə tərbiyə dayanır. Tərbiyəvi amillər zəiflədikcə və bu sahədəki boşluqlar dərinləşdikcə cəmiyyətdə zorakılıq hallarının artması riski də yüksəlir. Buna görə də ilk növbədə ailədə və məktəbdə tərbiyə işinin gücləndirilməsi, daha sonra isə psixososial təsir mexanizmlərinin təkmilləşdirilməsi vacibdir. Eyni zamanda, media fəaliyyətində də sağlam iş prinsipləri, peşə davranışı və psixososial yanaşmalar yeni keyfiyyət mərhələsinə keçməlidir”.

Son xəbərlər