Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb

29.10.2026 17:05 498
Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb
Məktəbdə jurnalist və çəkiliş qrupunun üzvünə qarşı zorakılıq hadisəsi cəmiyyətdə ciddi narahatlıq doğurub. Təhsil müəssisələrində şagirdlərə yalnız bilik deyil, eyni zamanda tərbiyə, mədəniyyət və sosial məsuliyyət aşılanmalıdır. Belə halların baş verməsi məktəblərdə təlim-tərbiyə işinin gücləndirilməsinin vacibliyini bir daha gündəmə gətirir.

Bu barədə Milli Məclisin deputatı Ceyhun Məmmədov Median.Az-a açıqlamasında deyib ki, belə bir hadisənin baş verməsi, xüsusilə də məktəbdə yaşanması ciddi narahatlıq doğurur:

“Cəmiyyətin bu məsələyə kəskin reaksiya verməsi də təbiidir. Çünki məktəb təhsil və tərbiyə müəssisəsidir. Burada uşaqlara biliklə yanaşı, mədəni davranış, insanlarla düzgün münasibət qurmaq, sosial məsuliyyət və davranış qaydaları da öyrədilir. Lakin belə bir müəssisədə, səbəbindən asılı olmayaraq, çəkiliş qrupunun üzvünə qarşı zorakılığın törədilməsi ciddi problemlərdən xəbər verir. Mən əvvəllər də qeyd etmişəm ki, məktəblərimizdə təlim-tərbiyə işini mütləq şəkildə gücləndirməliyik. Uşaqlara yalnız bilik verməklə kifayətlənməməli, eyni zamanda onlara düzgün tərbiyə aşılamalı, mədəni davranış qaydalarını öyrətməliyik.

Təəssüf ki, ötən illərdə daha çox təhsilə və biliklərin mənimsənilməsinə diqqət yetirildi, tərbiyə məsələsi isə müəyyən mənada arxa planda qaldı. Bu tendensiyanı həm ailələrdə, həm də məktəblərdə müşahidə etmək mümkündür. Bu istiqamətdə ciddi iş aparılmalıdır. Məqsədimiz belə halların qarşısını almaq, uşaqların sağlam mühitdə böyüməsini təmin etmək və onlara düzgün davranış qaydalarını aşılamaq olmalıdır. Gənclər elə tərbiyə edilməlidirlər ki, gələcəkdə bu cür davranışlara yol verməsinlər və cəmiyyətdə bir-birlərinə qarşı hörmətlə yanaşsınlar”.

Son xəbərlər