Mojo.az Banner
12:27 Bakı metrosunun iş rejimi dəyişdiriləcək - SƏBƏB  |     12:19 Bakıda bədbəxt hadisə: Uşaq dəmir barmaqlıqlara ilişərək öldü  |     12:17 Ağdamdakı qətllə bağlı ŞOK İDDİA: Pəncərədən daxil olaraq qayınatasını öldürüb (Yenilənib)  |     12:14 Bakıda piyada keçidində maşınla vurulan kişi öldü  |     12:04 Robert Koçaryanın saxlanılmasının görüntüləri yayıldı - VİDEO (Yenilənib)  |     12:00 Azərbaycan nefti ucuzlaşıb  |     11:54 Oman sahillərində neft tankeri vuruldu  |     11:35 Göygöldə yük avtomobili piyadanı vurub öldürdü  |     11:33 Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 500-ü keçdi  |     11:33 Hər gün banan yemək təhlükəlidir? - Mütəxəssisdən CAVAB  |     11:30 Şəhid anası tələbə adını qazandı  |     11:28 İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək - Video  |     11:17 Faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ  |     11:13 Qaradağda 45 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb  |     23:03 “Windows 11”də donmaların səbəbi bəlli oldu  |     22:59 Daha bir ölkə “Eurovision”ı boykot etdi  |     22:51 Elektron siqaret satan şəxs cərimələndi  |     22:46 Kartdan istifadə etmədən pul çıxılır? - “BakıKart” məsələyə aydınlıq gətirdi  |     22:39 Tələbə adını qazananların DİQQƏTİNƏ  |     22:33 Bakıda bu küçədən 2 ildir niyə avtobus keçmir? - Sakinlər şikayət edir - VİDEO  |    
Left Banner
Right Banner

Faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ

25.08.2026 11:17 183
Faiz müqabilində borc verənlərə SƏRT XƏBƏRDARLIQ
Faiz müqabilində borc verilməsi ilk baxışdan sadə mülki münasibət kimi görünsə də, bu sahədə ciddi hüquqi risklər mövcuddur. Xüsusilə müxtəlif şəxslərə davamlı və sistemli şəkildə faizlə borc verən şəxslər bilməlidirlər ki, belə fəaliyyət müəyyən hallarda sadə borc münasibətindən çıxaraq onlar üçün hüquqi məsuliyyət məsələsi yarada bilər.

Bu barədə Ali Məhkəmə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 740.1-ci maddəsinə əsasən, qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Yəni fiziki şəxslər arasında faizlə borc verilməsi öz-özlüyündə qadağan deyil:

"Lakin konkret şəxsə borc verilməsi ilə müxtəlif şəxslərə mütəmadi, sistemli və gəlir əldə etmək məqsədilə faizlə borc verilməsi eyni hüquqi hal deyil. Məhz bu fəaliyyətin xarakteri onun qanuniliyinin qiymətləndirilməsində mühüm əhəmiyyət daşıyır.

Faizlə borc münasibətləri yazılı şəkildə rəsmiləşdirilməli, müqavilədə əsas borcun məbləği, faiz dərəcəsi, hesablanma qaydası, qaytarılma müddəti və ödəniş qaydası dəqiq göstərilməlidir.

Eyni zamanda, pulun faktiki olaraq verilməsi və sonradan qaytarılması da mümkün qədər sübut edilə bilən formada həyata keçirilməlidir. Bu baxımdan bank köçürmələri daha təhlükəsiz üsullardan biridir. Nağd ödənişlər həyata keçirilirsə, onların da müvafiq qəbz və digər sənədlərlə təsdiqlənməsi məqsədəuyğundur.

Çünki məhkəmə mübahisəsi zamanı "pul vermişəm", "pul qaytarılıb", "faiz ödənilib" kimi şifahi izahatların deyil, bunları təsdiq edən sübutların əhəmiyyəti böyükdür".

Qeyd olunub ki, əgər şəxs gəlir əldə etmək məqsədilə müxtəlif və qeyri-məhdud sayda şəxslərə müntəzəm şəkildə faizlə borc verirsə, artıq onun fəaliyyətinin hüquqi statusu məsələsi ortaya çıxır:

"Mülki Məcəllənin 740.10-cu maddəsinə əsasən, gəlir əldə etmək məqsədilə müntəzəm olaraq, habelə qeyri-məhdud subyektlərə pul vəsaitlərinin borc verilməsi yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs tərəfindən həyata keçirilə bilər. Bu tələblər nəzərə alınmadan fəaliyyət göstərilməsi qanunsuz sahibkarlıq kimi qiymətləndirilə və hüquqi məsuliyyətə səbəb ola bilər.

Ən mühüm risklərdən biri budur ki, borc verən şəxs borcalana qarşı məhkəməyə müraciət etdikdə öz fəaliyyətinin qanuniliyi də araşdırıla bilər.

Məhkəmə borc verənin fəaliyyətində qanunsuz sahibkarlıq və ya digər hüquq pozuntularının əlamətlərini müəyyən edərsə, xüsusi qərardad qəbul edərək materialları hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərə bilər.

Başqa sözlə, borcunu tələb etmək üçün məhkəməyə gedən şəxs öz fəaliyyətinin hüquqi araşdırmaya məruz qalması ilə üzləşə bilər.

Qanunsuz fəaliyyət borc verənin öz tələbini də riskə ata bilər. Əgər konkret iş üzrə borc verənin qanunsuz fəaliyyətlə məşğul olduğu müəyyən edilərsə, bu, onun müqavilədə razılaşdırılmış faiz və digər məbləğləri tələb etməsinə ciddi təsir göstərə bilər.

Belə vəziyyətdə borc verən şəxsin müqavilədə nəzərdə tutulan gəliri (faiz və digər məbləğləri) tələb etmək imkanları məhdudlaşa, yalnız qanunvericilikdə nəzərdə tutulan gecikdirilmiş məbləğə illik 5 faiz tələb etmək imkanı qala bilər".

Ali Məhkəmə tövsiyə edir ki, faizlə borc verən şəxslər münasibətləri yazılı müqavilə ilə rəsmiləşdirməli, faktiki verilən məbləği və faiz şərtlərini dəqiq göstərməli, bütün ödənişləri sənədləşdirməli və fəaliyyət sistemli xarakter daşıyırsa, onun hüquqi statusunu əvvəlcədən düzgün müəyyən etməlidirlər:

"Pulun sizə məxsus olması onu istənilən formada və sistemli şəkildə qanunvericiliyin müəyyən etdiyi tələblərdən kənar dövriyyəyə buraxmaq hüququ vermir.

Əks halda bu gün "asan qazanc" kimi görünən fəaliyyət məhkəmə mübahisəsinə, xüsusi qərardada və hətta inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilər".скачать dle 11.3
Mojo.az Banner