İqtisadçıdan xəbərdarlıq: Qırmızı ət yaxın illərdə lüks məhsula çevrilə bilər
Məsələ ilə bağlı iqtisadçı Asif İbrahimov Median.Az-a bildirib ki, qırmızı ətin qiymətini bazar yox, yanlış aqrar siyasət bahalaşdırır:
“Belə ki, Azərbaycanda qırmızı ətin qiymətinin son illərdə fasiləsiz artmasını yalnız bazar iqtisadiyyatının qanunları ilə izah etmək həm iqtisadi baxımdan yanlış, həm də məsuliyyəti yanlış ünvana yönəltmək deməkdir. Bazar qiyməti formalaşdırır, amma bazarın necə işləyəcəyini dövlətin həyata keçirdiyi siyasət müəyyən edir. Əgər bazarda təklif çatışmırsa, istehsal artırılmırsa, fermer rəqabət qabiliyyətini itirirsə və istehlakçı hər il daha baha qiymət ödəyirsə, problemin səbəbini bazarda deyil, aqrar siyasəti formalaşdıran və icra edən dövlət qurumlarının kabinetlərində axtarmaq lazımdır. Bu gün qırmızı ət bazarında yaşananlar təsadüfi proses deyil. Bu, uzun illər ərzində yığılıb qalmış idarəetmə problemlərinin, strateji planlaşdırma çatışmazlığının və aqrar siyasətdə nəticəyönümlü yanaşmanın zəifliyinin nəticəsidir. Kənd Təsərrüfatı Nazirliyi illərdir subsidiya proqramları həyata keçirir, güzəştli kreditlər təqdim edir, damazlıq heyvan idxalını dəstəkləyir, müxtəlif dövlət proqramlarının icrası barədə hesabatlar verir. Lakin ortada əsas göstərici olan nəticə yoxdur. Qiymətlər sabitləşmir, daxili istehsal tələbi tam ödəmir və istehlakçı hər il daha yüksək qiymətlə üzləşir. Əgər dövlət hər il aqrar sektora böyük maliyyə resursları yönəldirsə, o zaman cəmiyyət haqlı olaraq soruşur: bu vəsaitlər hansı iqtisadi nəticəni yaradıb? Neçə yeni intensiv heyvandarlıq təsərrüfatı qurulub? Yem istehsalı hansı səviyyədə artıb? Diri çəkidə məhsuldarlıq neçə faiz yüksəlib? Bir kiloqram ətin maya dəyəri neçə faiz aşağı düşüb? Daxili istehsal bazarın tələbatının nə qədərini ödəyir? Bu sualların hər biri dövlət siyasətinin effektivliyini ölçən əsas göstəricilərdir. Əgər bu göstəricilər istənilən səviyyədə deyilsə, məsələ ayrılan vəsaitin azlığında deyil, onun idarə edilməsindədir”.
O deyib ki, Prezident İlham Əliyevin son müşavirələrdə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinə yönəlmiş iradları da məhz bu kontekstdə qiymətləndirilməlidir:
“Dövlət başçısı aqrar sektorda idarəetmənin daha səmərəli qurulmasını, real nəticələrin əldə edilməsini və ayrılan dövlət dəstəyinin effektiv istifadəsini tələb edib. Bu, aqrar siyasətin mövcud vəziyyətinin ən yüksək səviyyədə tənqid edildiyini göstərən mühüm siyasi mesajdır. Nazirliyin fəaliyyətində ən ciddi problemlərdən biri strateji planlaşdırma ilə real nəticələr arasında yaranmış uçurumdur. İllərlə qəbul edilən proqramların və konsepsiyaların əsas məqsədi ölkənin ərzaq təhlükəsizliyini gücləndirmək, idxaldan asılılığı azaltmaq və yerli istehsalı artırmaq idi. Lakin faktiki vəziyyət göstərir ki, qırmızı ət bazarında bu hədəflərə tam nail olunmayıb. Əgər istehsal tələbi qabaqlamırsa, bazar qiyməti də qaçılmaz olaraq yüksələcək.
Digər ciddi problem yem bazasının inkişaf etdirilməməsidir. Heyvandarlığın əsas xərc elementi yemdir. Yemlik qarğıdalı, soya və digər komponentlər üzrə idxaldan yüksək asılılıq istehsalçını xarici bazarlardakı qiymət dəyişikliklərinə həssas edir. Halbuki aqrar siyasətin əsas məqsədlərindən biri məhz yerli yem bazasının genişləndirilməsi, suvarılan yem bitkilərinin əkin sahələrinin artırılması və fermerlərin bu istiqamətdə stimullaşdırılması olmalı idi. Bu sahədə sistemli nəticələrin zəif olması son nəticədə ətin qiymətində öz əksini tapır. Buna paralel damazlıq heyvandarlığın inkişafı da gözlənilən səviyyədə deyil. Məhsuldarlığı aşağı olan heyvan populyasiyası ilə yüksək məhsuldarlıq əldə etmək mümkün deyil. Müasir genetik seleksiya, süni mayalanma, baytarlıq xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və intensiv heyvandarlıq texnologiyalarının tətbiqi olmadan məhsuldarlıq artmır. Məhsuldarlıq artmadıqda isə maya dəyəri aşağı düşmür və qiymətlərin sabitləşməsi mümkün olmur. Başqa bir problem isə subsidiya siyasətinin nəticəyönümlü qiymətləndirilməməsidir. Dövlət dəstəyi yalnız vəsait ayırmaqla ölçülməməlidir. Əsas meyar ayrılan hər manatın nə qədər əlavə istehsal yaratdığı, fermerin gəlirini nə qədər artırdığı və istehlakçının cibinə necə təsir etdiyi olmalıdır. Əgər subsidiya mexanizmi bu nəticələri təmin etmirsə, onun yenidən qurulmasına ehtiyac var. Qırmızı ətin qiymətinin artmasında bazar zəncirindəki problemlər də rol oynayır. İstehsalçı ilə istehlakçı arasında çoxsaylı vasitəçilərin olması, logistika xərclərinin yüksəkliyi, soyuducu anbar infrastrukturunun yetərsizliyi və topdansatış bazarlarının səmərəsiz fəaliyyəti qiymətə əlavə yük yaradır. Lakin bu problemlərin həlli də dövlət siyasətinin tərkib hissəsidir. Rəqabətli bazar yaratmaq, fermerin məhsulunu birbaşa satışa çıxarmasına şərait yaratmaq və infrastruktur investisiyalarını düzgün istiqamətləndirmək məhz dövlətin funksiyasıdır. Ən təhlükəli yanaşma isə bütün məsuliyyəti qlobal inflyasiyanın, iqlim dəyişikliklərinin və beynəlxalq bazarların üzərinə atmaqdır. Bu amillər bütün ölkələr üçün ortaqdır. Lakin fərq ondadır ki, güclü aqrar siyasətə malik ölkələr bu risklərin təsirini minimuma endirə bilir, zəif idarəetmə isə həmin riskləri daha da dərinləşdirir. Deməli, əsas məsələ xarici təsirlər deyil, həmin təsirlərə qarşı dövlətin hazırlıq səviyyəsidir. Bu gün artıq məsələ yalnız ətin bahalaşması deyil. Söhbət dövlət vəsaitlərinin səmərəliliyindən, aqrar siyasətin keyfiyyətindən və ərzaq təhlükəsizliyinin gələcəyindən gedir.
Əgər bu gün qırmızı ət orta statistik ailənin gündəlik qida səbətindən çıxmağa başlayırsa, sabah eyni vəziyyət digər strateji ərzaq məhsullarında da yarana bilər. Bu isə təkcə iqtisadi deyil, həm də sosial riskdir. Nəticə etibarilə, qırmızı ətin qiymətinin sabitləşdirilməsi üçün yeni subsidiya və ya yeni proqram elan etmək kifayət etməyəcək. İlk növbədə Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinin nəticələri müstəqil şəkildə qiymətləndirilməli, dövlət dəstəyi mexanizmlərinin effektivliyi audit edilməli, ölçülə bilən performans göstəriciləri tətbiq olunmalı və məsuliyyət sistemi gücləndirilməlidir. Aqrar siyasət statistik hesabatlarla deyil, bazardakı nəticələrlə qiymətləndirilməlidir. Çünki vətəndaş üçün əsas göstərici təqdim olunan hesabatlar deyil, bazarda ödədiyi qiymətdir. Əgər illər keçdikcə dövlət dəstəyi artır, amma qırmızı ət süfrədən uzaqlaşırsa, bu artıq bazarın deyil, aqrar idarəetmənin ciddi siqnalıdır və həmin siqnala vaxtında reaksiya verilməzsə, qırmızı ət yaxın gələcəkdə geniş əhali üçün gündəlik ərzaq məhsulu deyil, yalnız xüsusi günlərdə alınan lüks istehlak məhsuluna çevrilə bilər”.
İqtisadçı sonda qeyd edib ki, artıq aqrar siyasətdə ənənəvi idarəetmə yanaşmalarından imtina edilməli və nəticəyönümlü idarəetmə modeli tətbiq olunmalıdır:
“Kənd Təsərrüfatı Nazirliyinin fəaliyyətinə konkret, ölçülə bilən və ictimaiyyət üçün şəffaf əsas fəaliyyət göstəriciləri (KPI-lər) müəyyən edilməlidir. Bu göstəricilər daxili qırmızı ət istehsalının artımı, məhsuldarlığın yüksəldilməsi, yem təminatında yerli istehsalın payı, maya dəyərinin azaldılması, idxaldan asılılığın səviyyəsi, fermerlərin gəlirliliyinin yüksəlməsi və qiymət sabitliyi kimi strateji meyarları əhatə etməlidir. Dövlət büdcəsindən ayrılan hər manatın iqtisadi səmərəsi ölçülməli, nəticə verməyən proqramlar ləğv edilməli, uğursuz idarəetməyə görə şəxsi məsuliyyət prinsipi işləməlidir. İllərlə dövlət vəsaiti ayrıldığı halda qarşıya qoyulmuş hədəflər yerinə yetirilmirsə, bunun hüquqi, inzibati və intizam məsuliyyəti olmalıdır. Dövlət idarəçiliyində "kollektiv məsuliyyət" anlayışı çox vaxt faktiki olaraq "məsuliyyətsizlik" yaradır. Strateji sahələrdə isə belə yanaşma yolverilməzdir. Ərzaq təhlükəsizliyi milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsidir. Qırmızı ət kimi strateji ərzaq məhsullarının əlçatanlığının azalması təkcə sosial rifaha deyil, ölkənin iqtisadi dayanıqlılığına da birbaşa təsir göstərir. Buna görə də aqrar sektorda qarşıya qoyulan dövlət proqramlarının və strateji hədəflərin icra edilməməsi adi idarəetmə çatışmazlığı kimi qiymətləndirilməməlidir. Belə hallarda qanunvericiliyin tələblərinə uyğun olaraq məsul vəzifəli şəxslərin fəaliyyətinə hüquqi qiymət verilməli və onların məsuliyyəti təmin edilməlidir. Bu məsələ nə təxirə salınacaq, nə də formal müzakirələrlə ötüşdürüləcək məsələdir. Söhbət milyonlarla vətəndaşın gündəlik qida təminatından, dövlət büdcəsindən ayrılan vəsaitlərin səmərəli istifadəsindən və Azərbaycanın ərzaq və iqtisadi təhlükəsizliyindən gedir. Əgər bu gün aqrar idarəetmədə effektivlik, hesabatlılıq və şəxsi məsuliyyət prinsipləri təmin edilməzsə, sabah bunun iqtisadi və sosial nəticələrinin aradan qaldırılması dövlət üçün daha ağır və daha bahalı olacaq”.
Aysel Elnur
