Məhkəmədə hakimə: “Məni buraxın camaatın pulunu verim”
Məhkəmə zərərçəkənlərin və şahidlərin ifadəsi ilə davam edib.
Zərərçəkən Levent Yurtsevər evinin satıldığını ona qonşusunun xəbər etdiyini və həmin vaxt Türkiyədə olduğunu deyib:
"Qonşum dedi ki "Levent bəy, evini boşaldıblar, evini satmısan nədir?". Dedim elə bir iş yoxdur. Sahə polisi ilə evə getdim, qarşımıza özünü Arzu deyə təqdim edən bir adam çıxaraq dedi ki, evin sahibi mənəm, bu evi almışam". Evimi əşyaları ilə birlikdə satıblar, mən bununla bağlı mülki iddia da qaldıracağam. Sonradan öyrənirəm ki, satış zamanı mənim bütün anket məlumatlarımı yanlış qeyd ediblər. Mən ömrümdə İngiltərəyə getməmişəm. 30 il əmək verib, əziyyət çəkərək aldığım evim əlimdən gedib, küçələrdə qalmışam".
Təqsirləndirilən Rafiq Vəliyev "Mən o vaxt qonşulardan soruşaraq bu adamı axtardım ki, halallıq üçün evin pulunu verim, amma onu tapa bilmədim" -deyib.
Hakim "Adam budur gəlib, ödə evinin pulunu".
Bu zaman təqsirləndirilən Rafiq Vəliyev "Hörmətli məhkəmə, məni buraxın ki, onun pulunu ödəyim"-deyə cavab verib.
Şahid R.G təqsirləndirilən şəxsi tanıdığını deyib:
"Mənə telefonla zəng edib. Sonra görüşüb torpaq sahəsini görməyə getmişik. Alqı- satqı zamanı bir xanım və saqqallı bir oğlanla gəlmişdi. Məlum oldu ki, sənədlər İngiltərədən gəlib. Sahibkarla əlaqə yaratmaq istədim, alınmadı deyə dağılışdıq. Mən Rafiqə dedim ki, "Bu torpaq sahibini tanıyıram, rəhmətlik Oqtayındır, ailənin özü ilə danışsaq yaxşı olar". Rafiq mənə dedi ki "Qardaş, sənə torpaq lazım deyil, nə qurdalayırsan? Al torpağı, çıx get də".
Növbəti proses 14 may saat 11:30-a təyin olundu.
Qeyd edək ki, məşhur biznesmen Allahverdi Dəmirovun icra nümayəndəsi işləyən oğlu Seyfəddin Dəmirlinin külli miqdarda pulunu ələ keçirmək istəyiblər.
Belə ki, əvvəldən tanıdığı Rafiq Vəliyev Dəmirliyə yalan vəd verərək ondan 400 min manatdan çox pul almağa razılaşıb.
Lakin dələduzluq əməli başa çatmayıb. R.Vəliyev tutularaq cinayət məsuliyyətinə cəlb edilib. İstintaq vaxtı onun daha iki nəfərə qarşı dələduzluq cinayəti də ortaya çıxıb.
R.Əliyev barəsində sonradan həbslə bağlı olmayan "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə yekun ittiham elan edilib. İş üzrə Seyfəddin Dəmirli, Gülnarə Rəhimova və Rüxsarə İbrahimova zərərçəkmiş qismində tanınıb.
Seyfəddin Dəmirli bir neçə ay əvvəl Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi təyin edilib. O, vaxtilə Təhsil Nazirliyinin Əsaslı Tikinti İdarəsinə və Bakı 6 saylı Yol İstismarı MMC-yə rəhbərlik etmiş Allahverdi Dəmirovun oğludur. Ailə mediada geniş biznes əlaqələri və çoxsaylı əmlakları ilə tanınır. A.Dəmirov bir vaxtlar MTN tərəfindən tutulması, həmin nazirlik ləğv edildikdən sonra başlanmış cinayət işində zərərçəkmiş olması ilə də gündəmə gəlmişdi. Sonralar Dəmirovun adı müxtəlif korrupsiya cinayət işləri ilə bağlı hallanıb.
Allahverdi Dəmirovun keçmiş təhsil naziri Misir Mərdanovun xalası oğlu olduğu da deyilir.
Xatırladaq ki, Rafiq Vəliyevə qarşı Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma), 320.2-ci 320.2-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 29,178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədilməyə cəhd) və 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
//lent.az
