Mojo.az Banner
23:00 ABŞ və İran razılığa gəldilər  |     22:53 İkinci dəfə "Çeçenistan qəhrəmanı" oldu  |     22:44 33 il sonra Kəlbəcərin ilk məzunu  |     22:39 İtkin model Epşteynin qurbanı olub?  |     22:33 5 ildə bütün dünyada içki içənlərin sayı azalacaq - Yeni statistika  |     22:24 Saray qəsəbəsində yeniyetmə küçə itlərinin hücumuna məruz qalıb  |     22:16 Xəstəxanada həkimin pullarını oğurlayan şəxsə hökm oxundu  |     22:10 Naxçıvan reyslərini icra edən təyyarələr Bakıya geri qayıdıb  |     22:05 Türkiyədə qanunsuz mərc oyunları: 116 şübhəli saxlanıldı  |     21:57 Azərbaycanın 23 vətəndaşı Suriyadan repatriasiya olunub  |     21:50 Qonaq getdiyi kənddə kanalda batdı  |     21:46 1 və 3 qəpiklər dövriyyədən çıxarılır?  |     21:41 Xərçəng xəstəliyi artır - 2050-ci il üçün proqnozlar açıqlandı  |     21:32 Türkiyədə oxuyan tələbələr üçün quru sərhədlər açıla bilərmi?  |     21:26 "Sabah" bu futbolçunun transferinə 720 min manat xərcləyib  |     21:21 Sabah 35 dərəcə isti olacaq  |     21:13 Bakıda 50 min manatlıq "telefon biznesi" dələduzluğu  |     21:08 Ağdaşda avtomobili ildırım vurdu - Yanğın oldu  |     21:00 Estoniyanın Azərbaycanda səfirliyi açıldı  |     20:54 Sürücülük vəsiqələrinin müddətsiz verilməsi mümkündürmü?  |    
Left Banner
Right Banner

Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ

27.04.2026 17:23 1 656
Teatrın kulisində görünməyən həyat: kirayə, işsizlik, sədaqət — Elman Rəfiyevlə MÜSAHİBƏ
Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən aktyorlara "Teatr fədaisi" mükafatı təqdim olunub. Mükafata layiq görülən sənətçilər arasında əməkdar artist Elman Rəfiyev də yer alıb.

Bu münasibətlə Median.Az aktyoru təbrik edir və onunla müsahibəni təqdim edir:

— Sənətdə fədailik niyə məcburiyyətə çevrilməlidir?

— Mənim fikrimcə, ölkədə teatrların sayı həddindən artıq çoxdur və bu sahəyə daha ciddi nəzarət olmalıdır. Eyni zamanda aktyorların sosial vəziyyəti yaxşılaşdırılmalı, onlara normal maaş verilməlidir.

Xalq artisti Afaq Bəşirqızının cənab Prezidentlə görüşündən sonra aktyorların güzəranı qismən yaxşılaşdı. Lakin iqtisadi çətinliklər davam edir, qiymətlər artır, aktyorların gəliri isə bununla uzlaşa bilmir.

— Tez-tez səslənən bir fikir var ki, sənət adamlarına verilən fəxri adlar ləğv olunmalıdır. Bu barədə nə düşünürsünüz?

— Bu fikri səsləndirənlərin əksəriyyəti artıq həmin adları almış insanlardır. Prezident təqaüdü alan, evlə təmin olunan şəxslər bu cür danışır.

Aktyorun sənət uğrunda çəkdiyi zəhmətin qarşılığı olaraq bu adlar onun üçün mükafatdır. Onu niyə əlindən alaq? Üstəlik, bu gün demək olar ki, yeni fəxri adlar verilmir.

Hesab edirəm ki, Azərbaycan aktyorlarının potensialı bir çox ölkələrin aktyorlarından geri qalmır, hətta bəzi hallarda daha güclüdür. Sadəcə, onlara lazımi qiymət verilmir və nəticədə bu istedadlar itib-batır. Təəssüf ki, bəzən ad almaq üçün başqa ölkənin vətəndaşı olmaq lazım gəlir.

— Bəs başqa ölkələrin sənət adamlarına fəxri adların verilməsini necə qiymətləndirirsiniz?

— Məsələn, Özbəkistanın "Yalla" qrupunun solisti Fərrux Zakirova "Xalq artisti" fəxri adı verildi. Amma öz ölkəmizdə bu sənətə ömrünü həsr edən insanlar layiq olduqları dəyəri görmürlər.

Açıq deyirəm, bunu özümə də aid edirəm. Mən Azərbaycanda Pantomim teatrının yaranmasında iştirak etmişəm. Bu gün mənim adım çəkiləndə pantomima yada düşürsə, deməli, bu sənətə xidmət etmişəm.

Mən artıq 55 yaşındayam və 45 ildir bu sənətdəyəm. 2012-ci ildə "Əməkdar artist" adına layiq görülmüşəm. Bundan bir neçə il sonra mənə "Xalq artisti" adı verilməli idi. Lakin bunun qarşısı kəsildi.

Əgər fəxri adları ləğv etmək istəyiriksə, o zaman bütün sahələr üzrə – "Xalq yazıçısı", "Xalq rəssamı", "Əməkdar müəllim" və digərləri də ləğv edilməlidir.

Bununla belə, Teatr Xadimləri İttifaqının təqdim etdiyi "Teatr fədaisi" medalı bizim üçün böyük qiymətdir. Mən bu ada layiq görüldüyüm üçün təşkilata və bu qərarda əməyi olan hər kəsə təşəkkür edirəm.

— Sizcə, bu gün teatr yaşayır, yoxsa sadəcə yaşadılır?

— Əgər teatrın yaşamasını istəyiriksə, ilk növbədə aktyorların sosial vəziyyətini düşünməliyik.

Bu gün gənc aktyorların əksəriyyəti kirayədə yaşayır. Necə ki, yazıçılar və jurnalistlər üçün yaşayış binaları tikilir, eyni addım aktyorlar üçün də atılmalıdır.

Əgər ev hədiyyə olunmursa, heç olmasa, münasib şərtlərlə verilsin – aylıq ödənişlə və müəyyən müddətdən sonra həmin ev aktyorun özünə qalsın.

Çünki bu gün teatrı yaşadan məhz həmin gənclərdir. İncəsənəti qorumaq istəyiriksə, əvvəlcə aktyorları qorumalıyıq.

— Müasir dövrdə sənət sosial şəbəkələrə və süni intellektə uduzur. Bu barədə fikriniz necədir?

— Bəli, bu gün kino və digər sahələr sosial şəbəkələrin təsiri altındadır. Süni intellekt artıq filmlərin çəkilişində, hətta dublajda istifadə olunur.

Belə olan halda sual yaranır: aktyor nəyə lazımdır?

Yaxşı ki, teatr canlı sənətdir və onu süni şəkildə əvəz etmək mümkün deyil. Teatrın gücü də məhz bundadır.

Hazırda mən 14 aydır işsizəm. Yalnız "Əməkdar artist" adına görə aylıq 200 manat təqaüd alıram. Bu məbləğ cuzi də olsa, mənə kömək edir.

İstərdim ki, sənət adamlarına dəyər onların sağlığında verilsin. Gəlin, birlikdə incəsənətimizi və ona xidmət edən insanları qoruyaq.

Söhbətləşdi: Dəniz Pənahovaскачать dle 11.3
Mojo.az Banner