Mojo.az Banner
19:04 İşə düzəltmək adı ilə qohumlarını aldatdı - 20 min manatlıq dələduzluq  |     18:49 “Epşteyn sənədləri”ndə Angela Merkelin də adı hallanır  |     18:41 DİN-in keçmiş rəis müavini Rasim İldırımzadə və digərlərinin cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb  |     18:32 Azərbaycanın Liqa klubu anqolalı futbolçunu transfer edib  |     18:21 Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb  |     18:12 Sabiq icra başçısının Rumıniyada 40 villa alan oğlundan açıqlama - FOTO (Yenilənib)  |     18:06 Paytaxtın sıxlıq müşahidə olunan küçələri  |     17:56 Mançesterdə yüngülmotorlu təyyarə qəzaya uğradı  |     17:41 Bakıda ağac təhlükəsi: Sakinlər heç bir nəticə əldə edə bilmirlər - Video  |     17:30 "Kometa-A" ölkədən 310 min dollar çıxarıb - Cərimə olundu  |     17:21 Hindistanın Azərbaycandakı yeni səfiri Bakıya gəldi  |     17:18 Böyük fişinq şəbəkəsi çökdürüldü: 400 min manatlıq kiberdələduzluq  |     17:01 Hərbi prokurorun müavini vəzifəsinə təyinat olub  |     16:53 Bakıda 2 nəfər kafedən oğurluq etdi - Video  |     16:51 Arayik və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək  |     16:41 Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərib  |     16:40 3 yaşadək uşağa qulluğa görə nə qədər ödəniləcək? (AÇIQLAMA)  |     16:31 Kamran Əliyevdən daha bir təyinat  |     16:17 Dövlət sərhədini pоzduqlarına görə 17 nəfər saxlanılıb  |     16:08 Bakıda evdən oğurladığı qızılları zərgərlik mağazasında satdı: Anbaan görüntüləndi  |    
Left Banner
Right Banner

Ombudsman: Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

17.12.2025 12:43 204
Ombudsman: Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir
Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu siyasətin mühüm tərkib hissəsini cəza siyasətində humanizm, mərhəmət və fərdi yanaşma prinsiplərinin tətbiqi təşkil edir. Əfv və amnistiya institutları məhz bu prinsiplərin hüquqi mexanizmləri kimi çıxış edərək, cəzanın tərbiyəvi mahiyyətinin gücləndirilməsinə və məhkumların cəmiyyətə yenidən islah olunmuş şəxs kimi qayıdışına xidmət edir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib.

Onun sözlərinə görə, Ümummilli Lider Heydər Əliyevin insan hüquq və azadlıqlarının qorunması sahəsində həyata keçirdiyi hüquqi islahatlardan biri də cəza siyasətinin humanistləşdirilməsi, beynəlxalq hüquqi aktlarda və milli qanunvericilikdə təsbit olunmuş əsas təbii hüquqlardan biri olan yaşamaq hüququnun təmini ilə bağlı olmuşdur.

Məlum olduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının tətbiqinə faktiki moratorium qoyulmuş və sonrakı beş il ərzində müxtəlif ağır cinayətlərə görə ölüm cəzasına məhkum edilmiş 120-dən çox şəxs barəsində ölüm hökmü icra olunmamışdır. Bunun ardınca isə Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında 1998-ci il 10 fevral tarixli Qanuna əsasən, ölüm cəzasına məhkum olunmuş bütün məhkumların cəzası ömürlük azadlıqdan məhrum etmə ilə əvəz edilmişdir.

Bir sıra ölkələrdə ölüm cəzasının ləğvi barədə hələ də qəti qərar qəbul edilmədiyi halda, cəza-icra siyasətinin humanistləşdirilməsi nəticəsində ən ağır cəza növü olan ölüm cəzasının Şərqdə ilk dəfə məhz bizim ölkədə cinayət qanunvericiliyindən çıxarılması humanizm prinsiplərinə əsaslanan dövlət siyasətinin parlaq təzahürü kimi qiymətləndirilərək dünyada böyük əks-səda yaratmışdır.

Əfv və amnistiya aktları yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarının təmini baxımından xüsusi əhəmiyyətə malikdir. Buna görə də cəzanın humanistliyini, adekvatlığını və tərbiyəvi əhəmiyyətini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev 1995-ci ildə müstəqil dövlətimizin tarixində ilk əfv fərmanını imzalamaqla ölkəmizdə əfv institutunun bərpa edilməsinə nail olmuşdur. Beləliklə, 1995-2003-cü illər ərzində imzalanmış 32 əfv fərmanı və sərəncamı ilə ümumilikdə 3104 məhkum cəzanın çəkilməmiş hissəsindən azad olunmuşdur.

Ombudsman vurğulayıb ki, Azərbaycanda amnistiya aktlarının qəbulunu müsbət bir ənənəyə çevirmiş Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş 7 amnistiya aktı nəticəsində 77 mindən artıq məhkum həbsdən azad edilərək ailələrinə və cəmiyyətə qovuşmuşdur.

Əsası Ümummilli Lider tərəfindən qoyulmuş humanizm siyasətinə sadiq qalan ölkə Prezidenti İlham Əliyevin də hazırkı rəhbərliyi dövründə əfv sərəncamlarının imzalanması və amnistiya aktlarının qəbulu təşəbbüsünun irəli sürülməsi təcrübəsi uğurla davam etdirilir.

Qeyd etmək lazımdır ki, 1995-2025-ci illər ərzində əvvəlcə Ulu Öndər Heydər Əliyevin, sonra isə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzalamış olduqları ümumilikdə 71 əfv fərman və sərəncamları, 1996-cı ildən başlayaraq qəbul olunmuş 12 amnistiya aktı minlərlə məhkumun cəzanın çəkilməyən hissəsindən azad edilməsi ilə nəticələnmişdir.

Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən hələ Milli Məclisin deputatı olduğu dövrdə irəli sürülmüş təşəbbüs əsasında 4 amnistiya aktının qəbul olunması, sonuncu akt əsasında isə 10 min məhkumun azadlığa qovuşması ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılanmışdır.

Təbii ki, dövlətin mütəmadi olaraq davam etdirdiyi humanizm siyasəti məhkumlarda, onların ailə üzvləri və digər yaxınlarında böyük sevinc hissi doğurmuş, eyni zamanda cəmiyyətdə ciddi tərbiyəvi məzmun kəsb etmişdir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) öz mandatına uyğun olaraq, ötən il ərzində də azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin hüquqlarının müdafiəsi, onların müraciətlərinə baxılması və fərdi yanaşmanın təmin edilməsi istiqamətində ardıcıl fəaliyyət göstərmişdir. Bu çərçivədə Ombudsman tərəfindən təqdim edilən müraciətlər əsasında bir sıra hallarda əfv institutundan istifadə edilmiş, humanizm prinsiplərinin real hüquqi nəticələr doğurması təmin olunmuşdur.

“Müsbət haldır ki, humanist cəza siyasətinin davamı olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən amnistiya aktı barədə qərar layihəsinin Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilməsi təşəbbüsü irəli sürülmüşdür. Növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması dövlətin ardıcıl və sistemli humanist siyasətinin davamı kimi qiymətləndirilə bilər. Amnistiya aktları yalnız hüquqi mexanizm deyil, eyni zamanda sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin təzahürüdür. Azərbaycan suverenliyinin tam bərpa olunduğu, Konstitusiyanın ali hüquqi qüvvəsinin ölkənin bütün ərazilərində təmin edildiyi tarixi bir mərhələdə bu təşəbbüs dövlətin gücünü və hüquqi yetkinliyini nümayiş etdirir.

Həmçinin qeyd edək ki, son illərdə Azərbaycan Respublikasında bir sıra əməllərin dekriminallaşdırılması, alternativ cəzaların tətbiqinin genişləndirilməsi və azadlıqdan məhrumetmənin son çarə kimi nəzərdə tutulması hüquqi islahatların əsas istiqamətlərindəndir. Bu yanaşma beynəlxalq hüquq normalarına uyğun olmaqla yanaşı, insan hüquqlarının müdafiəsi baxımından da mühüm əhəmiyyət daşıyır.

Ombudsman tərəfindən həyata keçirilən monitorinqlər, qəbul edilmiş müraciətlərin araşdırılması və aidiyyəti dövlət orqanları ilə aparılan yazışmalar nəticəsində əfv olunmuş şəxslərin ailə mühitinə qovuşması, sosial adaptasiya imkanlarının genişlənməsi və onların cəmiyyətə reinteqrasiyası baxımından mühüm nəticələr əldə edilmişdir. Bu fəaliyyət eyni zamanda penitensiar sistemdə hüquqi nəzarətin və şəffaflığın gücləndirilməsinə xidmət etmişdir.

Ombudsman institutu amnistiya aktının qəbul edilməsi və icrası prosesində də öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması, cəzadan azad edilən şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə uğurlu reinteqrasiyası istiqamətində fəaliyyətini gücləndirəcək.

Beləliklə, növbəti amnistiya ilə bağlı qanun layihəsinin Milli Məclisə təqdim olunması Azərbaycan dövlətinin insan hüquqlarına sadiqliyinin, hüquqi islahatlara və humanist dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsidir.

Azərbaycan Ombudsmanı olaraq ölkə başçısının bu təşəbbüsünü insan hüquq və azadlıqlarının təmin edilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətin sağlam inkişafı baxımından mühüm addım kimi dəyərləndirirəm.

Bu istiqamətdə atılan addımlar bir daha göstərir ki, Azərbaycan Respublikasında hüquq sistemi yalnız qanunun aliliyini deyil, insan ləyaqətinin qorunmasını da əsas məqsəd kimi qarşıya qoyur”, - deyə Səbinə Əliyeva qeyd edib.скачать dle 11.3