Mojo.az Banner
20:40 Kiberdələduzluq hallarına qarşı diqqətli olun!  |     20:35 Azərbaycan alma ixracından gəlirini 7 % artırıb  |     20:27 Sabah 38° isti olacaq  |     20:22 Simonyan ABŞ rəsmisi ilə TRIPP-i müzakirə etdi  |     20:14 Bu şəxslər vergi ödəməyəcək  |     20:09 Psixiatriya xəstəxanasına yerləşdirilən Elşad Xosedən xəbər var  |     20:02 Azərbaycanda 2 universitet tələbələrinə təqaüd verəcək  |     19:57 Prezidentin əfv fərmanından imtina edən qırğız səbəbi açıqladı  |     19:49 Beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərini artırır  |     19:44 Meyiti iki gün sonra su kanalında tapıldı  |     19:35 Rusiya Ermənistandan hesabat tələb etdi - İrəvan cəzalandırılır  |     19:30 Əmisi oğlunu daşla vuran Goranboy sakini həbs olundu  |     19:24 Əsəd ailəsinin həbs olunan ilk üzvü edam ediləcək  |     19:15 Qusarda "Ford Transit" azyaşlını vuraraq öldürdü  |     19:10 Müşfiqabadda sürüşmə təhlükəsi getdikcə artır - Video  |     19:03 19 yaşlı Zeynəbin qətlinin təfərrüatı  |     18:55 XİN: Azərbaycan ehtiyac içində olan ölkələrə humanitar dəstək göstərməyə davam edir  |     18:47 Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     18:42 Abituriyentlərin DİQQƏTİNƏ - Son gündür  |     18:30 Bakıda məşhur kabab evində ətdən at DNT-si çıxdı: Dövlət qurumu hərəkətə keçdi - FOTO  |    
Left Banner
Right Banner

Pomidor və xiyar bahalaşır - Səbəb nədir?

27.09.2025 21:45 669
Pomidor və xiyar bahalaşır - Səbəb nədir?
Paytaxtın iri marketlərində və bazarlarda son günlər qəribə bir mənzərə yaranıb: pomidor və xiyar piştaxtalarının önündə alıcıların söhbətləri dəyişib. Əvvəllər yalnız keyfiyyət və təzəlikdən danışan müştərilər indi qiymət artımından söz açır, satıcılara suallar yağdırırlar. Tərəvəzlərə olan ənənəvi tələbatın fonunda baş verən bu dəyişiklik həm bazar mühitində, həm də ictimai müzakirələrdə diqqət mərkəzinə çevrilib. Düzdür, mövsümü olaraq hər il bu vaxtlar pomidor və xiyar bahalaşır. Amma builki bahalaşma kəskindir. Bu səbəbdən pomidor və xiyar bir anda həm süfrələrin, həm də xəbər lentlərinin "baş qəhrəmanı” olub. Hər kəsi bir sual düşündürür: görəsən qiymətləri birdən-birə belə kəskin artıran nədir?

Sahibkar Eldar Hüseynov qiymət artımını hava şəraitinin kəskin dəyişməsi ilə əlaqələndirdi: "Qiymətlərin qalxmasının əsas səbəbi şimal bölgəsində əkilən məhsulların yağışın altında qalmasıdır. İstixanalarda olan məhsullar da demək olar ki, bitib. Yeni məhsullar isə yetişməyib. Hələ ki, ara boşluğu var. Xaçmazda yağan yağışlar imkan vermədi ki, ara boşluğu çöldə əkilən pomidorlar doldursun. Xiyarda isə səbəb köhnə istixanalarda məhsulların bitməsi, yeni istixanalarda məhsulların yetişməməsidir. O səbəbdən qəfildən xiyarın qiyməti artdı. Bir ara havalar tutqun keçdi. Xiyar da elə bitkidir ki, hava şəraiti tutqun olduqda məhsuldarlığa təsir edir. Mütləq günəş olmalıdır”.

E.Hüseynov bildirdi ki, bu səbəblərdən daxili bazarda qiymətlər hələ ki, yüksək olaraq qalmaqda davam edəcək: "Amma bir müddət, noyabr ayının sonuna kimi belə olacaq. Xiyarın qiyməti bəlkə enə bilər. Çünki Şəmkir və Salyan istiqamətində tikanlı xiyarlar yetişəcək”.

Lənkəran Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin müəllimi Nahid Əzizlinin sözlərinə görə, mövsüm amili burada böyük rol oynayır: "Tərəvəzçilik, xüsusilə pomidor və xiyar istehsalı Azərbaycanın kənd təsərrüfatı sektorunun ən strateji istiqamətlərindən biridir. Bu məhsullar daxili bazarda ən çox istehlak olunan tərəvəzlər olmaqla yanaşı, ölkənin ixrac portfelində də əhəmiyyətli yer tutur. Son dövrlərdə bazarlarda müşahidə olunan qiymət artımı isə həm istehlakçıları, həm də fermerləri narahat edib. Son illərin statistikası göstərir ki, pomidor istehsalında illik dəyişikliklər 5-12 faiz diapazonunda dəyişir, xiyar üzrə isə 3-8 faiz arasında tərəddüd müşahidə edilir. Mövsümi şərait, enerji xərcləri və ixrac prioritetləri məhsuldarlığa birbaşa təsir göstərir”.

N.Əzizlinin fikrincə, pomidor və xiyarın qiymətlərinin dəyişməsində bir çox digər təsirlər mövcuddur: "Əsas hava şəraiti və mövsüm amilidir. Yağış, dolu və soyuq dalğaları məhsuldarlığı azaldır, qış mövsümündə isə açıq sahə məhsulu minimuma enir. İstixanaların enerji və gübrə xərcləri yüksəkdir, bu isə maya dəyərini artırır. Azərbaycan pomidor ixracında region ölkələri arasında aparıcı mövqedədir. İxracın artması daxili bazarda təklifi azaldır. Rayonlardan paytaxta daşınma, soyuducu anbarların məhdudluğu, topdan-pərakəndə marjaların yüksək olması qiymət fərqlərini şərtləndirir. Qısa müddətli çatışmazlıq fonunda satıcıların qiymətləri süni artırması da müşahidə edilir. Fermerin məhsulu tarladan çıxardığı qiymətlə Bakıda pərakəndə satış qiyməti arasında 2–3 dəfəyə qədər fərq yaranır. Bu, həm nəqliyyat xərcləri, həm də bazar strukturlarındakı qeyri-bərabər bölgüdən qaynaqlanır. Payız-qış mövsümündə açıq sahə məhsullarının azalması qiymətləri yüksəldir. İstixanaların qızdırılması üçün enerji sərfiyyatının artması istehsal xərclərini də qaldırır. Beləliklə, mövsümi olaraq qiymətlərin artması təbii hesab olunur. Qiymət artımının əsasən mövsümi xarakter daşıdığı qəbul edilir. Lakin ixrac prioriteti və bəzi hallarda topdan-pərakəndə şəbəkələrinin spekulyativ yanaşmaları süni təsirlərin də mövcudluğunu göstərir”.

Müsahibimiz qiymətləri sabit saxlamaq üçün atılmalı olan addımlara da toxundu: "Qiymətlərin sabitləşməsi üçün mövsümi idxalın asanlaşdırılması, istixana istehsalçılarının enerji subsidiyaları ilə dəstəklənməsi, bazar nəzarətinin və anti-spekulyasiya tədbirlərinin gücləndirilməsi, fermerlər üçün risk sığortası və yeni texnologiyaların (damcı suvarma, müasir istixanalar) təşviqi vacibdir. Qısa müddətdə, yəni 1-2 ay üçün mövsümi məhsul bazara daxil olduqca qiymətlərdə müəyyən yumşalma mümkündür. Orta müddətdə, yəni 3-6 ayda, payızın sonu və qış mövsümündə qiymətlərin yenidən yüksəlməsi gözlənilir. Uzunmüddətli perspektivdə isə istixana sektoruna yatırımlar və logistika infrastrukturunun inkişafı qiymətlərin sabitləşməsini təmin edə bilər”.

Mənbə: "Kaspi" qəzetiскачать dle 11.3
Mojo.az Banner