14 il icra başçısı işləmiş Lütvəli Babayevin biznesmen oğlu Babəli Babazadəyə qarşı dələduzluqda ittiham olunan baş həkim işləmiş Aruz Əliyev və onun tanışı Ehtiram Kərimovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Babəli Babazadə tərəflərin suallarını cavablandırıb.
O bildirib ki, Türkiyədən qayıtdıqdan sonra Ehtiram Kərimovu tapa bilməyəndən sonra polisə şikayət edib:
"Polisə sonradan şikayət etdim. Onlarla çörək kəsmişdim. Ona görə iş uzandı. Mənə 30 min manat pul lazım idi. Sənəd verdim, pulu götürdüm. Evimin dəyəri 600 min manat idi. Pulu düzəltdim, bir həftə sonra pulu vermək istədim. Amma mənə xəbər vermədilər. Gəlib pulu da götürmədim. Binanın komendantı zəng edib dedi ki, ev əldən çıxdı. Mən inanmadım. Amma gedəndən sonra gördüm ki, ev əldən gedib".
Zərərçəkmiş onu da qeyd edib ki, Ehtiramdan əvvəl A.Əliyevi tanıyıb:
"Aruza zəng etdim ki, birdən Ehtiram sənədi alar. Mən ona inandım, çünki mən birinci Aruzu tanımışam. Aruz mənə nə qədər ziyan vurduğunu bilmirəm. Çünki Aruzdan soruşuram ki, pulum kimdədir? Deyir ki, Ehtiramdadır. Bir-birilərində olduğunu deyirlər. Mənə iki milyon manatdan çox ziyan dəyib. Mənim sənədlərim əvvəlcə Aruzda idi. Sonra ondan sənədi özüm üçün götürmüşdüm. Sonra 30 min manat pulu almaq üçün Ehtirama verdim. İki dəqiqə sonra Aruz zəng etdi ki, sənədi Ehtirama vermişəm, sənəd ondadır. Çünki sənəd Aruzun adına idi, onun sərəncam vermək hüququ var idi. Dedim ki, birdən sənədi Ehtiramın adına keçirər. Onun adına keçirməsini tapşırdım. Dəfələrlə Aruza təklif etmişəm ki, gedək sənədi öz adıma keçirim. Amma bu mümkün olmadı. Aruz mənim Nərimanov rayonunda olan obyektimi satıb. Amma başqa əmlaklarını satmayıb. Mən, ümumiyyətlə, belə bir söz deməmişəm. Ancaq iki milyon manatdan söhbət gedir".
E.Kərimov isə ifadəsi zamanı deyib ki, Babəli Babazadə pulunu başqasına yedirsə də, ondan tələb edir:
"İranılıya pul verib. Yaxşı da bilir ki, həmin iranlı kimdir. Babəli yaxşı bilir ki, pul kimdədir".
Daha sonra zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı izahat və ifadələrinin müəyyən hissələri elan olunub. O, izahatında göstərib ki, 1 milyon 700 manat ziyan dəyib.
Zərərçəkmiş məhkəmədə bildirib ki, izahat verdikdən sonra dəqiq məbləği müəyyən edə bilib.
İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərib ki, Aruz Əliyevi sürücüsü vasitəsi ilə tanıyıb:
"Ehtiram Kərimovu Aruz vasitəsilə tanımışam. 7-ci mikrorayonda olan torpaq sahəsi olub. Həmin yerdə bina tikdirmək istədim. Bünövrəsini qazdırsam da, binanı tikdirə bilmədim. Sonradan evimə vergi borcum olması ilə bağlı məktub gəldi. Mən bunu Ehtiramla Aruza dedim. Ehtiram da nazirlikdə tanışı olduğunu, bu məsələni həll edəcəyini dedi. Aruz mənə dedi ki, sən ölkədən get, sənin bir milyon manat vergi borcunu bağlayacağıq. Məni Türkiyəyə yola salanda dedim ki, əmlakı satın, vergiyə olan borcumu bağlasınlar. Sonradan başa düşdüm ki, məni Türkiyəyə yola salıb, əmlakımı ələ keçirmək istəyiblər. Binəqədi rayonunda olan əmlakımı 1 milyon 500 min manata satıblar, mənə heç nə verməyiblər".
Zərərçəkmiş Aruz Əliyevə etibar etməsinə isə belə izah verib:
"Aruz bizim ailəvi həkimimiz olub. Buna görə də ona inanmışam. Ona etibar etmişəm. Mənə dəymiş ziyan ödənilməyib. İki milyon manat ziyan var, onun ödənilməsini istəyirəm. Razılığa gəlmək üçün qarşı tərəfdən addım atılmır. Atsalar, ortaq bir nəticəyə gələrik".
Növbəti proses avqustun 28-də davam edəcək.
Qeyd edək ki, Babəli Babazadənin dostu Aruz Əliyev üçüncü şəxslə əlbir olaraq onun əmlaklarını iki milyon manata sataraq pulunu mənimsəməkdə ittiham olunur.
Məsələ burasındadır ki, bu hadisə baş verməzdən əvvəl Babəli Babayevin sahibi olduğu tikinti şirkətinin bir milyon manat vergi borcu yaranıb. Bununla bağlı ona rəsmi məktub gəlib, verginin ödənilməli olduğu xatırladılıb. Bu məsələyə görə Babəli dostu Aruz Əliyevlə məsləhətləşib, ondan nə edə biləcəyini soruşub.
Aruz Əliyev özü həkim-cərrahdır. O bu cinayətin üstü açılana kimi "Uniklinika"nın baş həkimi olub.
İddia olunur ki, Aruz külli miqdarda vergi borcu yaranmış Babəliyə ölkədən çıxmasının lazım olduğunu deyib. O, tanışı Ehtiram Kərimovla əlbir olaraq sabiq icra başçısının oğlunun Türkiyəyə qaçmasına nail olub.
Babəli Türkiyədə yaşadığı müddətdə Bakıdakı əmlaklarını idarə etmək üçün Aruza etibarnamə verib. O, əmlakları satışa çıxarıb. Dediyinə görə, Aruz onun etibarından sui-istifadə edib. Aruz və Ehtiram Babəlinin əmlakını ümumilikdə iki milyon manata satıblar, həmin pulu əmlakların sahibinə vermədən dələduzluq yolu ilə şəxsi mənafelərinə sərf ediblər.
Zərərçəkmiş şəxsin şikayəti əsasında baş həkim Aruz Əliyev və Ehtiram Kərimov polis əməkdaşları tərəfindən tutulublar. Onlara dələduzluq maddəsinin ən ağır bəndi ilə ittiham irəli sürülüb, hər ikisi barədə həbs qərarı verilib.
İstintaq dövründə keçmiş icra başçısı Lütvəli Babayev də dindirilib. O, cinayət işi üzrə şahid qismində tanınıb.
Təqsirləndirilən şəxslər isə ittihamları qəbul etmirlər. Onlar deyirlər ki, zərərçəkmiş əmlaklarını könüllü satdırıb, pulunu da Türkiyədə xərcləyib. İttiham olunan tərəfin iddiasına görə, Babəli ailəsinin əmlakını satıb xərclədikdən sonra vəziyyətdən çıxmaq məqsədilə dostundan istifadə edib.
Digər məlumata görə, Babəli Türkiyəyə qaçmazdan əvvəl xırda xuliqanlığa görə 15 gün həbsdə qalıb. Buraxıldıqdan dərhal sonra isə ölkədən gedib.
Xatırladaq ki, Lütvəli Babayev 2005-2007-ci illərdə Mingəçevirin, 2007-2019-cu illərdə isə Zərdabın icra başçısı işləyib.
Qeyd edək ki, iki il əvvəl bu iş üzrə zərərçəkmiş Babəli Babazadənin Azərbaycandakı biznesini Rusiyaya köçürməsi barədə mediada məlumat yayılıb. Mətbuatdakı xəbərlərə görə, o, Moskvada "Liqa-Stroy" Məhdud Məsuliyyətli Cəmiyyətini (OOO LIQA-STROY) təsis edib.
//oxu.az