Rusiya prezidentinin sözçüsü Dmitri Peskov AZAL təyyarəsinin Aktauda qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatına münasibət bildirib.
Median.Az bu barədə TASS agentliyinə istinadən xəbər verib.
"Bu, ilkin hesabatdır. Əlbəttə ki, müvafiq qurumlarımız bu hesabatı böyük diqqətlə və lazımi şəkildə öyrənəcəklər. Prezident Administrasiyasının bunu şərh etməsi mümkün deyil. Bunu mümkün hesab etmirik", - deyə Kreml rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.