İkinci Qərb Dairə Hərbi Məhkəməsi "marafon kraliçası" Yelena Blinovskayanın əri Alekseyə qarşı dələduzluqda ittiham olunan keçmiş vəkil Elman Paşayevin həbs müddətinin uzadılması barədə qərarın qanuni olduğunu təsdiq edib.
Bu barədə "RİA Novosti" xəbər yayıb.
Bildirilir ki, apellyasiya şikayətinə baxan məhkəmə hüquqşünası istintaq təcridxanasında saxlamaq qərarına gəlib.
Yanvarın 13-də Moskva Qarnizon Hərbi Məhkəməsi istintaqın vəsatətini təmin edərək E.Paşayevin həbs müddətini daha iki ay - martın 15-dək uzadıb. İclasda o, həbs olunana qədər kiçik serjant rütbəsində tank komandiri olduğunu bildirib.
Həmin vaxt ona qarşı pilotsuz uçuş aparatının yenidən satılması ilə bağlı yeni cinayət işinin açıldığı məlum olub. Söhbət E.Paşayevin bir neçə vətəndaşa 1,5 milyon rubl dəyərində dron almağı təklif etməsi ilə bağlı baş tutmamış sövdələşmədən gedir.
Yeni iş üzrə zərərçəkmiş Zaxarov bildirib ki, keçmiş vəkil satış üçün pulu alıb, lakin öhdəliklərini yerinə yetirməyib. Buna görə də Zaxarov hüquqşünasın dələduzluq əməlləri barədə ərizə yazıb.
E.Paşayev 2024-cü ilin yazında dələduzluqda ittiham olunaraq həbs edilib. İstintaqın məlumatına görə, o, pul müqabilində Aleksey Blinovskiyə və onun həyat yoldaşı - bloqer Yelena Blinovskayaya vergi ödəməmə ilə bağlı cinayət məsuliyyətindən azad olunmağı vəd edib. Bundan sonra o, aldadılmış ərdən ən azı 18,5 milyon rubl və 300 min dollar alıb.