ABŞ-nin Poçt Xidməti Çindən bağlamaların qəbulunu dayandırıb.
Median.Az SCMP-yə istinadən xəbər verir ki, Amerika poçtu dayandırmanın səbəbi barədə heç bir izahat verməyib.
Bununla belə, mənbənin məlumatına görə, Çindən məktub və banderolların qəbulu davam edir.
Bu addımın Pekinin Vaşinqtona qarşı tətbiq etdiyi rüsumlar ilə bağlı olub-olmadığı hələ aydın deyil. ABŞ Prezidenti Donald Tramp Çin mallarına gömrük rüsumları tətbiq etdikdən sonra Pekin də analoji addım atıb.
Xatırladaq ki, D.Tramp Kanada, Çin və Meksikadan gələn mallara tariflərin tətbiq edilməsi barədə icra fərmanı imzalayıb. Sənədə əsasən, Meksika və Kanadadan idxala 25% (Kanada enerji resurslarına 10%) rüsum tətbiq edilir, ancaq icrası 30 günlük dayandırılıb. Çin mallarına isə tətbiq edilən əlavə tarif 10% təşkil edəcək.
Çinin Dövlət Şurası cavabında 2025-ci il fevralın 10-dan etibarən ABŞ enerji resurslarının idxalına rüsumlar tətbiq edir. Neftə 10%, kömür və maye qaza isə 15% həcmində rüsum tətbiq ediləcək.