“Beynəlxalq ictimaiyyət və dünya ictimaiyyəti neokolonializmə, insan hüquqlarının pozulması hallarına biganə qalır”.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” adlı beynəlxalq konfransda Azərbaycan Ombudsmanı deyib.
O bildirib ki, Azərbaycan da Ermənistanın təcavüzündən əziyyət çəkib.
“Ermənistan Azərbaycan ərazilərini işğal etmişdi. Ermənistan Qarabağ və Şərqi Zəngəzuru təkcə işğalda saxlamamışdı, həm də orada xeyli mina basdırmışdı. Bu günə qədər Ermənistan dəqiq mina xəritələrini Azərbaycana təqdim etməyib. Vətən müharibəsindən sonra mina qurbanlarının sayı 330 nəfər olub. Bu günə qədər Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş dörd min azərbaycanlının taleyi barədə məlumat verməyib”, - deyə o əlavə edib.
Ombudsman bildirib ki, Fransa da dünyada müstəmləkə siyasətini davam etdirir.
“Afrikada, Yaxın Şərqdə həyata keçirilən neokolonializm siyasəti fundamental insan hüquqlarını pozur. Fransa müstəmləkəsinə çevirdiyi ölkələrin insanların hüquqlarını pozub. Təbii sərvətlər istismar olunub. Fransa bütün bunlarla yanaşı, Ermənistanın Azərbaycana qarşı işğalını dəstəkləyib. Fransa regionda ədalətli sülhün bərqərar olmasına deyil, süni münaqişə ocağı yaratmağa çalışır”, - deyə Ombudsman qeyd edib.
Ombudsman söyləyib ki, BMT-də ciddi islahatlara ehtiyac var, çünki o, mövcud çağırışlara cavab vermir.
“Bu gün neokolonializm siyasətindən əl çəkilməlidir. Xalqlar azad, sülh şəraitində yaşamalıdırlar. İnanıram ki, Bakı Təşəbbüs Qrupunun fəaliyyəti prosesə töhfə verəcək”.
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda Azərbaycan, Böyük Britaniya, Əlcəzair, Keniya, Fransa, Mərakeş, Mali, Efiopiyadan, eləcə də Fransanın dənizaşırı əraziləri olan Fransa Qvianası, Fransa Polineziyası, Qvadelupe, Martinika, Yeni Kaledoniyadan, həmçinin Fransanın xüsusi statusa malik 18 regionundan biri Korsika adasından olan nümayəndələr iştirak edirlər.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər Toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.