ABŞ-lı müğənni Cenifer Lopez konsert vermək üçün getdiyi Antalyada qaldığı oteldə türk mətbəxinin ləzzətli təamlarının dadına baxıb.
Sputnik Türkiyə-nin məlumatına görə, Lopezin qaldığı "Regnum Carya"nın idarə heyətinin üzvü Deniz Üstertuna, dünya şöhrətli müğənninin "sütlaç"ı (südlü sıyıq) çox bəyəndiyini deyib.
Latın musiqisinin məşhur simalarından olan Lopez, "It's My Party" adlı dünya turu çərçivəsində Antalyada konsert verib. O, mahnıları və rəqsləri ilə tamaşaçılarına unudulmaz bir gecə bəxş edib.
Belek Turizm Bölgəsindəki "Regnum Carya" otelində iki gecə qalan sənətçi, ona təklif olunan türk mətbəxi ləzzətlərinin dadına baxıb. Lopez yeməyini otelin qonaqları ilə birlikdə əsas restoranda yeyib.
Deniz Üstertuna CeyLo-nun konsertinə bir ilə yaxın müddətdə hazırlaşdıqlarını deyib. O, sənətkarın gözləniləndən daha böyük ansamblla Antalyaya gəldiyini bildirib: "Təkcə öz ansamblı 90 nəfər idi. Yükləri və alətləri 10 "TIR" tuturdu. Bununla yanaşı, texniki heyəti və Türkiyədən cəlb etdiyimiz qrupu da əlavə etsək, 230 nəfərlik heyətlə konsertə hazırlaşdıq. Hələ otel əməkdaşlarımız da vardı. Minimum 520 nəfər bu iş üçün çalışıb. Müğənni 230 bağlama yüklə gəlib. İçində özü ilə yanaşı rəqqaslarının da kostyumları vardı".
Lopez xaricdən onun üçün xüsusi olaraq su gətirilməsini istəyib, eləcə də digər tələblər irəli sürüb. Onun bütün istəkləri yerinə yetirilib.
"Digər qonaqlarımıza təklif etdiyimiz yeməkləri müğənniyə də təklif elədik. O, yeməklərin çox qaymaqlı, mayonezli və çox acı olmamasını tələb etdi. Demək olar ki, bütün təamların dadına baxdı. Xüsusilə də səhər yeməyində balla qaymaq, moruq cemi və nümrü ("qlazok") çox xoşuna gəldi. Nahar və şamda lobster, krevetka kimi dəniz məhsullarından nümunələr təklif etdik. Sütlaç verdik, çox bəyəndi, yenidən istədi. Hətta sütlaçın necə bişirildiyini, içində nələrin olduğunu da soruşdu" - deyə otelin əməkdaşı əlavə edib.