May ayının 29-dan ölkənin ən qalmaqallı və səs-küylü proqramı "Maşın" realiti şousu start götürüb.
Median.az xəbər verdiyi kimi, "M Group Production"-ın ərsəyə gətirdiyi şou "Xanımlar və cənablar - 2" devizi ilə ATV-də ekran həyatına başlayıb. İlk efirdə iştirakçılar təqdim olunub və iddialı çıxışları ilə diqqət çəkiblər.
Məlum olub ki, bu dəfəki yarışda Əməkdar artist Abbas Bağırov, müğənnilər Əli Mirəliyev, Ruhəngiz Musəvi, Rahidə Baxışova, Roza Zərgərli, aparıcılar Azər Axşam, Günel Hümbətova, İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Firuzə Cəlilova, Aytən Səfərova, reperlər Qurd, Uran, aktyorlar Məcid Hüseynov, Cavidan Novruz, aktrisa Pərvin Abıyeva, meyxanaçı Ələkbər Yasamallı, vayner Hüseyn Əzizoğlu mübarizə aparacaq.
İştirakçılardan Günel Hümbətova, Pərvin Abıyeva, Azər Axşam, Əli Mirəliyev ikinci, Roza Zərgərli üçüncü, Abbas Bağırov dördüncü, qalan iştirakçılar isə ilk dəfədir ki, yarışmaya qatılır.
Reper Uran isə məhz “Maşın” şou üçün iki ildir yaşadığı Fransadan ölkəmizə təşrif buyurub.
Median.az saytına eksklüziv açıqlama verən reper Qurd bütün iştirakçılardan iddialı olduğunu söyləyərək, bəzilərinə hədə-qorxu gəlməyi unutmayıb.
"Mən illərdir ki "Maşın şou"-ya dəvət olmaqımı gözləyirdim. Və o an yetişdi. Bu şouya yalnız galib olub, avtomobili aparmaq üçün gəlmişəm. Məni səbəbsiz və heçnədən bu şoudan uzaqlaşdıran adamı öldürərəm!",- Qurd qeyd edib.