Reper Lil Baby (əsl adı Dominik Cons) qanunsuz silah saxlamaqda şübhəli bilinərək Las-Veqasda həbs edilib.
Qaynarinfo bu barədə "İndependent" qəzetinə istinadən xəbər verir.
İfaçı avqustun 26-da səhər saat 05.00 radələrində nəzarətə götürülüb. Cons daha sonra 5000 dollar girov müqabilində azadlığa buraxılıb və musiqiçinin indi oktyabrın 1-də məhkəmə qarşısına çıxması planlaşdırılır.
Lil Baby-nin vəkilləri 29 yaşlı reperin niyə həbs edildiyini "aktiv şəkildə araşdırdıqlarını" bildiriblər. Baxmayaraq ki, reperin Corciada silah saxlama icazəsi var. "Independent" əlavə edir ki, Corcia ştatında əldə edilmiş sənəd Nevada ştatında tanınmır. Digər təfərrüatlar məlum deyil.
Lil Baby narkotik alverinə görə artıq iki il həbsdə yatıb. Musiqiçi 2019-cu ildə polisə tabe olmamaq və təhlükəli avtomobil idarə etdiyinə görə də həbs edilib. 2021-ci ildə sənətçi Kanye Uestlə birlikdə Parisdə narkotik ittihamı ilə həbs olunub, lakin sonra sərbəst buraxılıb.
Lil Baby karyerasına 2017-ci ildə başlayıb. 2018-ci ilin may ayında o, "Harder Than Ever" adlı debüt studiya albomunu buraxıb. O, "Freestyle", "Yes Indeed" və "Drip Too Hard" mahnıları ilə tanınır.