Çox sevincli və qürurluyam. Doğum günümdə belə bir hədiyyə almağım qürurvericidir.
Bunu Oxu.Az-a Xalq artisti adına layiq görülən müğənni Tünzalə Ağayeva deyib.
“Bu gün sevincimin həddi-hüdudu yoxdur. Çünki 43 yaşımda prezidentim və dövlətimdən mənim üçün çox böyük əhəmiyyət daşıyan, mənə şərəf verən, qürurlandıran hədiyyə aldım. Xalq artisti adı həm sevinclidir, həm də böyük məsuliyyətdir. Hər zaman mədəniyyətimizə faydalı olan sənət insanı olmağa çalışmışam. Sadəcə, öz maraqlarımı deyil, mədəniyyətimizi, milli-mənəvi maraqlarımızı, sənətdə deyə biləcəyim, yaşada biləcəyim hər şeyi qorumağa və təbliğ etməyə çalışmışam. Bu əqidəm də hər zaman belə qalacaq. Vətənimi və dövlətimi çox sevirəm. Prezidentimizin növbəti etimadını doğruldacağam.
2006-ci ildə Əməkdar artist adı aldığım günü yaşadığım sevinci xatırlayıram. Bu gün də eyni duyğuları yaşayıram. Prezident İlham Əliyevə minnətdaram. Allah həmişə dövlət başçımızı dövlətimizin başında və həyatımızda var eləsin. Bütün zəhmətləri min qat bərəkətlə özünü göstərsin”, - deyə Tünzalə Ağayeva bildirib.
Tünzalə Ağayeva həmkarlarını da təbrik edib:
“Dəyərli həmkarlarımı da təbrik edirəm. Əzizim Röya və Miri Yusif də milyonlarla sevəni olan sənətçilərimizdir. Onlara uğurlar arzu edirəm. Hər zaman xoş xəbərlərini eşidək. Mədəniyyətimizdə keyfiyyətli, gözəl sənət insanlarının sayının çox olması bizim baş ucalığımızdır. Bir daha prezident İlham Əliyevə, valideynlərimə, qızıma, məni sevənlərə və dostlarıma, məni həyatda yaxşı layihələrə sövq edən hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, Prezident estrada ifaçılarına “Azərbaycan Respublikasının Xalq artisti” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan estradasının inkişafındakı xidmətlərinə görə Ağayeva Tünzalə Qabil qızı, Mirbabayev Mir Yusif Mir Heydər oğlu və Nəcəfova Röyalə Yaqub qızı “Xalq artisti” adına layiq görülüblər.