“Mən ilk gündən deyirdim, yediyim qazana tüpürmürəm. Fiziki qalib olmaq başqa, sms-də qalib başqa. Mən sms-də hamıya qalib gəldim. Mənim üçün isə hər şeydən önəmlisi budur”.
Bu sözləri Lalə Mustafayeva Oxu.Az-a açıqlamasında dilə gətirib.
"Həyatda da mən ancaq kişilərlə dostluq edirəm"
Lalə “Maşın”da baş verən xoşagəlməz hadisələri xatırlayıb, kişi iştirakçılarına inanmayaraq, şouda səhv addımlar atdığını etiraf edib:
“Necə burada kişilərlə dostluq edirdim, elə həyatda da mən ancaq kişilərlə dostluq edirəm. Heç zaman qadınla dost olmaram. Çünki nə edirsə, qadınlar edir. Şouda da kişilər "bizim tərəfdə ol, qadınlara tərəf getmə” deyəndə mən onlarla razılaşmadım. Söylədim ki, yox. Onlar məni səhv anlayıb, özlərinə hədəf seçirlər. Heyifslənirəm. Kaş sona kimi kişilərə inanardım. Məyus olmuram. Avtomobili itirdim. Qazancım 98 faiz Azərbaycan xalqının sevgisidir. Bu, nəinki avtomobilə, nəyə istəyirsiz dəyər. Ən azından şouda özümü Lalə olaraq tanıda bildim”.
“Mənim sponsorum xalqım oldu”
“Şouda özünüzə dost qazandız?” sualına isə Lalə digər 17 məşhuru özünə dost bilmədiyini və oyunda sponsorunun xalq olduğunu bildirdi:
“Kimlər mənimlə dost idi, elə dost da qaldım. “Təzələrlə” dost olmaq fikrim isə yoxdur. İlk gündən iştirakçılara yalvarırdım ki, məni səsverməyə çıxartmayın. Çünki 2012-ci ildən mən tibb verilişinin aparıcısıyam, şou-biznesdə, ümümiyyətlə, yoxam. Mən elə buna görə, narahat idim. Fikirləşirdim ki, xalqımız daha çox şou əhlini oyundan dəstəkləyəcək. Tibb verlişinin aparıcısı kimə lazımdır? - Heç kimə. Məhz bu səbəbdən, narahatlıq keçirirdim. Boş yerə deməyiblər: “Tamaşaçının gözü tərəzidir” və “El gücü, sel gücü”. Mənim sponsorum xalqım oldu. Qalan sponsorlara ehtiyacım yoxdur”.
L.Mustafayeva Türkanla aralarında yaşanan xoşagəlməz anları yada salıb, ona saytımız vasitəsi ilə ismarıc yolladı:
“Türkanın isti və xoş münasibətinə inandım. İnanın, oynamaq olardı, amma bu qədər yox”.
“Onları vaxtında oyundan kənarlaşdırmaq gərək idi”
Lalə Mustafayeva Suna Kasımoğlu ilə finalda aralarında baş vermiş qalmaqala da aydınlıq gətirdi :
“Suna ilə nə barışacağam, nə də ki, görüşəcəyəm. Qətiyyən yox! İki-üç gün ard-arda mənim insan kimi insan olmadığımı söylədi. Suna məni həyatda nə görmək, nə də ki, eşitmək istəyir. Oyunda sadəcə çox məyus oldum. Anladım ki, heç kimə dəstək olmaq lazım deyilmiş. Onları vaxtında vurub, oyundan kənarlaşdırmaq gərək idi. Çöldə onlarla görüşməyəcəyəm”.
“Artıq tükanmişdim”
Səhhətində ciddi probləmlər yarandığını bildirən Lalə, Sunanın ona: “Xəstə deyilsən, yalançısan”, deməsindən şoka düşdüyünü söylədi :
“Şouya qatılandan səhhətimdə problemlər var idi. Bunu bir çox iştirakçılar bilirdi. Finalda Suna ilə ikilikdə qalanda, o mənə xəstə olmadığımı, yalançı olduğumu söylədi. İnanın ki, Sunanın bu sözləri mənə çox pis təsir göstərdi. Təzyiqim düşdü 90/60-a. Bir-iki heç də ürəkaçan olmayan şeylər baş verdi. Bunları görüb şoka düşdüm.
Anladım ki, sağlamlığım hər şeydən önəmlidir və mən əlimi avtomobildən çəkdim. Başqa yolum yox idi. İnanın səmimiyyətimə, şounun bitməsini səbirsizliklə gözləyirdim. Çünki artıq tükənmişdim. 60 saat avtomobilin ətrafında durdum. Səhhətində ciddi problem olan bir insan üçün 60 saat ayaq üstə durmaq bu özü qalibiyyətdir.
İstərdim avtomobili qazanım. İştirakçılar içində ən çox ehtiyacı olan da özüm idim. Amma yenə də sona kimi başımı necə dik tutdumsa, elə də şoudan çıxdım. Heyifslənmirəm, bu bir qismətdir. Şouda finala çıxıb ikiliyə qalmaq, inanın mənim üçün qalib olmağa bərabərdir”.
Qeyd edək ki, “Maşın” realiti şounun final mərhələsində avtomobil uğrunda aparılan gərgin mübarizədə iki həmkar Lalə Mustafayeva ilə Suna Kasımoğlu yarışdıblar. Oyunda sona kimi dözümlük nümaiş etdirən Suna, Laləyə qalib gələrək, dəyəri 50 min manat olan “OPEL İNSİGNİA” avtomobilinə sahib olub. Lalə Mustafayeva səhhətində yarandığı ciddi problemlər səbəbi ilə əlini avtomobildən götürərək, oyunu tərk etməli olub.