Sağlam qida insan bədəninə bütün dərmanlardan daha faydalıdır. Yediyimiz qidaların əsasən yumurtaların sağlam olub-olmadığını müəyyən etmək mümkündür. Çoxu yumurta alarkən onun istehsal tarixi ilə maraqlanır və təzə olub-olmadığını yoxlayır. Həmin yumurtanı yumurtlayan toyuqlar barədə isə düşünmürlər. "Bu toyuqlar sağlamdırmı? Hansı şəraitdə böyüyürlər?" sualını satıcıya versək, cavab ala bilməyəcəyik.
Bəs sağlam toyuq və yumurta necə əldə oluna bilər?
Mövzu ilə bağlı sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, toyuq təbii şəraitdə, hormonlarsız, ot və həşəratlarla qidalandıqda sağlam olur:
“Sağlam bir toyuğun yumurtladığı yumurta da, təbii ki, sağlam olur. Belə yumurtalar vitaminlər və doymamış yağ turşuları olan Omeqa3 və D vitamini ilə zəngindir.
Toyuqlar məhdud şəraitdə, quşçuluq fermasında yetişdirilibsə, yumurtanın tərkibində vitamin az olur. Bu cür yumurtalar insan sağlamlığına zərər verə bilir. Broyler toyuqları təmiz havaya buraxılmır. Onlar günəş şüasından və açıq havadan məhrumdur. Bu isə birbaşa dölə, toyuğun yumurtasına təsir edir. Nəticə etibarilə toyuğun əti də, yumurtası da keyfiyyətsiz olur”.
Məhsəti Hüseynova qeyd edib ki, əsas problem toyuqların saxlanıldığı şəraitdir:
“Dar qəfəslərdə hər kvadratmetrə düşən toyuq sayının çox olması, onların saxlanıldığı yerlərin həddindən artıq işıqlandırılması, ventilyasiya sisteminin zəif olması toyuqlarda stressə səbəb olur.Belə şəraitdə böyüyən toyuqlar bir-birini dimdikləyərək yaralayır. Avropada bu problemi aradan qaldırmaq üçün 2012-ci ildən baraban tipli quşçuluq sistemi qadağan edilib. Digər ölkələrdə isə toyuqların bir-birinə zərər verməməsi üçün başqa vasitəyə əl atırlar. Onların yemlərinə sakitləşdirici dərmanlar əlavə edirlər. Böyümə prosesinə müdaxilə edilməyən toyuqlar daha sağlam olurlar. Məhz bu baxımdan yumurta alarkən kənd toyuqlarının yumurtaları məsləhət görülür”.