Faiq İsmayılov: "...erməni saxtakarlığından başqa bir şey deyil”
Erməni iddiaları bitib-tükənmək bilmir ki, bilmir. Gündə bir tarix uydururlar və bunu da "həqiqət” adı ilə bütün dünyaya yayırlar.
Ermənilər ordumuz tərəfindən Şuşadan qovulduqdan və bu tarixi şəhərimiz düşmən işğalından azad edildikdən sonra bu toplumun rahatlığı əməlli-başlı pozulub. Bu ölkədə təkcə sadə insanların deyil, ekspertlərin, siyasilərin də psixoloji durumu o qədər ağırlaşıb ki, nə danışdıqlarını bilmirlər.
Nala-mıxa vurmaqda "mahir” olan Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan yeni iddialar ortaya atıb. Şuşadakı "Müqəddəs Xilaskar Kafedralı” - Qazançı (Qazançetsots kilsəsi) kilsəsinin guya vaxtilə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndindən gəlib Şuşada məskunlaşan ermənilər tərəfindən inşa olunduğunu və bu kilsəni tikənlərin xatirəsinə belə adlandırıldığını deyib.
Qeyd edək ki, bəzi erməni seqmentlərində, o cümlədən də "Vikipediya”da Qazançı kilsəsi ilə bağlı məlumatlarda bu iddialara rast gəlinir. Erməni mənbələrindəki bəzi iddialara görə, qədim Zərdüşt məbədinin üzərində 1722-ci ildə başqa bir kilsə yerləşirmiş. Guya ki, Culfadan köçüb gələn ermənilərin vəsaitinə 1868-1887-ci illərdə Qazançı kilsəsi "tikilib”.
"Rus pravoslav kilsəsinin formatını dəyişdirib, onu erməni qriqoryan kilsəsinə çevirdilər”
Mədəni irs üzrə tədqiqatçı-ekspert, Beynəlxalq Memarlar Akademiyasının Moskva şöbəsinin professoru, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin üzvü Faiq İsmayılov bildirdi ki, ermənilər, həmişə olduğu kimi, bu məsələdə də öz köhnə mərəzlərini ortaya qoyurlar. F.İsmayılovun sözlərinə görə, Cənubi Qafqazdakı bütün ərazilərə sahib olmaq iddiasında olan ermənilər Alban dövrü memarlıq abidələrinin, məbədlərin hamısını özlərininki kimi qələmə verirlər. "Qaldı ki, Şuşadakı Qazançı kilsəsilə bağlı iddialara, Şuşada kilsələr var, amma bu kilsələr Çar Rusiyasi Qarabağı istila edəndən, daha dəqiq desək, Türkmənçay müqaviləsindən sonra rus qoşunları Qarabağda, Şuşada yerləşdirildi və onların ibadət etməsi üçün kilsələr də inşa edildi. O zaman rus əsgərləri ibadət yerlərinin açılması üçün xahiş etdilər və onlara xanlığın divanxanası verildi. Xanlığın divanxanası üzərinə bir zəng asıldı və o zəng çalınırdı, əsgərlər orada ibadət edirdilər. Bu, bir müddət davam etdikdən sonra Şuşada bir zəng qülləsi, ardınca isə rus əsgərlərinin ibadət etməsi üçün kilsə inşa olundu. Bu kilsə mahiyyətinə, quruluşuna görə rus pravoslav kilsəsidir. Bu gün ermənilərin "Qazançı” və sair adlandırdıqları kilsə 1867-ci ildə inşa olunub. Ondan 20 il əvvəl Şuşanın Köçərli məhəlləsində inşa edilən başqa bir kilsə var idi ki, 1847-ci ildə inşa olunmuşdu, bu da rus pravoslav kilsəsi idi. Sovet dövründə keçən əsrin 80-90-cı illərinə qədər burada ibadət edən yox idi və ondan sonra ermənilər bu kilsəyə iddia qaldırdılar, kilsədə ibadət etmək hüququ əldə etdilər. 1989-cu ildə bu kilsəni ermənilər təmir etməyə başladılar. İşğal dövründə isə rus pravoslav kilsəsinin formatını dəyişdirib, onu erməni qriqoryan kilsəsinə çevirdilər. Yəni bu kilsənin köhnə fotoşəkilləri durur, bizim əlimizdə çox təkzibolunmaz sübutlar var. Bu kilsə sonradan erməniləşdirildi”.
F.İsmayılov ermənilərə sual verir ki, əgər bu kilsələri ermənilər tikmişdisə, onda nə üçün onu qriqoryan kilsəsi kimi yox, rus pravoslav kilsəsi kimi tikiblər. "Ermənilərin yalanları hər addımbaşı üzə çıxır. Onlar, eyni zamanda, Naxçıvan məsələsində iddialıdırlar. Xeyli müddətdir ki, Naxçıvanda ermənilərin köhnədən yaşadığını, onların hansısa bir kilsə tikdiklərini iddia edirlər. Amma bunlar hamısı əsassızdır. Naxçıvanda ya zəlzələ, ya da yer sürüşməsi nəticəsində Qafqaz Albaniyası dövrünə aid olan bir məbəd dağılmışdı. Səhv etmirəmsə, Ordubad ərazisində idi. Ermənilər iddia edirdilər ki, "bu, erməni kilsəsidir, bunu azərbaycanlılar dağıdıb” və sair. Ümumiyyətlə, Naxçıvan ərazisində erməni kilsəsi heç zaman mövcud olmayıb ki, Qazançı kəndində də hər hansı bir erməni kilsəsi olsun. Bu kilsənin Culfa ilə heç bir əlaqəsi yoxdur. Ermənilərin bizim torpaqlara köçürülməsi və burada məskunlaşdırılması tarixi məlumdur. Həmin dövrdə də bizim ərazilərimizdə erməni kilsəsi yox idi. Bizim bu ərazilərdə xristian dövrünə aid olan abidələrimizi, məbədlərimizi onlar "erməni kilsəsi, erməni monastırı” kimi qələmə verməklə özlərinin burada "qədimliyini” dünyaya sübut etmək istəyirlər. Burada başqa bir məsələ yoxdur. Belə iddialar ermənilərin genetik xəstəliyindən irəli gəlir. Ermənilərin Qazançı kilsəsi ilə bağlı səsləndirdikləri iddiaları əsassızdır, bunlar hamısı erməni saxtakarlığından başqa bir şey deyil. Bizim onların qarşısına qoymağa, onları susdurmağa həmişə təkzibolunmaz faktlarımız, sübutlarımız var” - deyə F.İsmayılov qeyd etdi.