Yeniyetmə yaşlarında artıq çəkiyə malik kişilərin 65 yaşından öncə infarkt keçirmə riski daha yüksəkdir.
Bu barədə Parisdə keçirilən Avropa Kardioloqlar Cəmiyyətinin konqresində İsveçin Geteborq Universitetinin doktoru Mariya Aberq danışıb.
Onun sözlərinə görə, bədən çəkisi indeksinin (BÇİ) 27,5-dən 29,9-dək artması miokard infarktının əmələ gəlməsi riskini 2,64 dəfə, BÇİ-nin 30-dan 34,9 qədər artması isə ürək tutması riskini 3,05 dəfə çoxaldır.
Tədqiqatda 1950-1987-ci illərdə anadan olan 1,7 milyona yaxın yeniyetmə iştirak edib. Onlar 18 yaşında tibbi müayinədən keçərək icbari hərbi xidmətə göndəriliblər. Daha sonra, 1969-cu ildən 2016-cı ilədək nəzarətdə saxlanılıblar. Bu illər ərzində 22,4 min ürək tutması faktı qeydə alınıb. Miokard infarktı orta hesabla 50 yaşında qeydə alınıb.
Artıq çəkinin infarkta səbəb olması ilə bağlı bu araşdırma əvvəlki nəticələri təsdiqləyib.
M.Aberqin sözlərinə görə, yeniyetmələrdə artıq çəki probleminin artması ilə əlaqədar olaraq, gələcəkdə infarkt və insult göstəriciləri də arta bilər:
"Valideynlər, məktəb rəhbərlikləri və siyasətçilər uşaq və gənclər arasında piylənmə epidemiyasının qarşısını almaq üçün təcili tədbir görməlidirlər".