ABŞ-ın Kolumbiya Universitetinin alimləri passiv və ya aşağı aktivli həyat tərzinə malik insanlarda erkən ölüm riskini azaltmağın yolunu tapıb. Məlum olub ki, 30 dəqiqə divan və ya stol arxasında əyləşməyi əvəz edən istənilən intensivlikdə fiziki aktivlik səhhətə öz müsbət təsirini göstərir.
Elmi araşdırma haqqında “MedicalXpress” nəşrində press-reliz dərc olunub.
Alimlər 2009-2013-cü illər ərzində ölkədə keçirilmiş “İrqi və milli müxtəlifliklər üzrə tədqiqatda” iştirak etmiş orta yaşlı və yaşlı səkkiz min insanın tibbi göstəricilərini təfsilatlı şəkildə təhlil edib.
Könüllülərin üzərində olan cihaz dörd gün ərzində onların fiziki aktivliyinin davamlılığı və intensivliyini qeyd edib. Alimlər həm də 2017-ci ilə qədər olan ölüm hallarını nəzərə alıb.
Nəticələr göstərib ki, 30 dəqiqəlik aşağı intensivlikdə fiziki aktivlik erkən ölüm riskini 17 faiz azaldır. Daha intensiv fiziki yüklənmələr isə riski 35 faiz aşağı salır. Mütəxəssislər əmin edir ki, hətta 1-2 dəqiqəlik aktiv istirahət belə səhhəti yaxşılaşdırmağa qadirdir. Alimlərin fikrincə, uzun müddət masa arxasında oturaq vəziyyətdə olmağın fəsadlarını hər yarım saatdan bir yüngül fiziki tapşırıqlar yerinə yetirməklə kompensasiya etmək olar.