Stokholm universitetinin alimləri həftəsonu doyunca yatmağın, iş günləri ərzində natamam yuxu və yorğunluğu kompensasiya etdiyini, beləcə müxtəlif əlaqədar xəstəliklərin qarşısını aldığını, həmçinin erkən ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını öyrənib.
Bu barədə “Science Alert” məlumat yayıb.
Tədqiqatda yaşı 18-dən yuxarı olan 38 mindən çox insan iştirak edib. Onlar tədqiqatçılara iş günlərində və istirahət günlərində neçə saat ərzində yatdıqlarını bildirib.
Mütəxəssislər 13 il ərzində könüllülərin səhhətinə nəzarət edib. Onlar gecə saatlarında 5 saatdan az yatan və gün ərzində yuxuya 6-7 saat vaxt ayıran (nəzarət qrupu) insanlar arasında erkən ölüm halları səviyyəsini araşdırıb.
Araşdırmada eyni zamanda könüllülərin cinsi, bədən kütləsi indeksi, fiziki aktivliyi, alkoqol və siqaretdən istifadə kimi faktorlar nəzərə alınıb.
Məlum olub ki, yaşı 65-ə qədər olan və natamam yuxu ilə üzləşən könüllülərdə erkən ölüm riski 65 faiz artıb. Habelə alimlərin dediyinə görə, belə insanlar istirahət günlərində bir neçə saat artıq yatdıqda, onların səhhəti nəzarət qrupunda olan könüllülərin sağlamlıq səviyyəsindən heç də fərqlənməyib.
Maraqlıdır ki, tədqiqat qrupu normadan artıq yuxunun da erkən ölüm riskini artırdığını ortaya çıxarıb.