İcbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək
Son zamanlar cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan biri, gələn ildən ölkədə icbari tibbi sığorta (İTS) sisteminin tətbiqinə başlanacağıdır. Bu sistemin hansı formada tətbiq olunacağı, kimlərə şamil olunacağı və digər ayrıntılar barədə daha əvvəl məlumat vermişik.
Bu dəfə isə başqa suallara cavab tapmağa çalışdıq. Belə ki, Azərbaycanın dövlət xəstəxanalarında ödənişsiz tibbi xidmət mövcud olduğu halda, icbari tibbi xidmətə nə ehtiyac var? Dövlət xəstəxanalarında icbari tibbi sığorta sisteminə keçid olsa, proses necə təşkil olunacaq?
Median.Az xəbər verir ki, AYNA-nın bu yöndə sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) İctimaiyyətlə əlaqələr şöbəsindən bildirildi ki, İTS-in tətbiqindən sonra dövlət xəstəxanaları publik hüquqi şəxs olaraq fəaliyyət göstərəcək:
"Çünki indiki halda onlara əhaliyə göstərdiyi tibbi xidmətlərin müqabilində ödəniş etmək olmur. Azərbaycanda publik hüquqi şəxslərin yaradılması, fəaliyyət göstərməsi və təşkili qaydaları "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Belə ki, həmin qanuna əsasən, publik hüquqi şəxs dövlət və bələdiyyə adından və ya publik hüquqi şəxs tərəfindən yaradılan, ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan, dövlət və ya bələdiyyə orqanı olmayan təşkilatdır".
Agentlikdən verilən məlumata görə, 2017 və 2018-ci illərdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəhbərliyinin müvafiq əmri ilə icbari tibbi sığortanın pilot layihə olaraq tətbiq edildiyi Mingəçevir şəhəri, Yevlax və Ağdaş Rayon Mərkəzi xəstəxanaları publik hüquqi şəxs statusu qazanıb:
"2020-ci ildən, yəni ölkə üzrə icbari tibbi sığortanın tətbiqindən sonra, digər dövlət tibb müəssisələrinin publik hüquqi şəxs statusu alması məsələsi Səhiyyə Nazirliyi tərəfindən tənzimlənəcək".